Bu il minaya düşən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


13:37     01 İyun 2021 21_06_01_1622539692.jpg

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Femida.az-a bildirilib ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınan məlumatlar nəticəsində 2021-ci ilin may ayında 2 hadisə nəticəsində 5 nəfərin minalardan zərər çəkdiyini qeydə alınıb.

Nəticədə bir hərbçi həlak olub, iki mülki şəxs və iki hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

May ayında 1 nəfər Ermənistan vətəndaşı müharibə zamanı həlak olmuş şəxslərin meyitini axtararkən Füzuli rayonu ərazisində mina partlayışına məruz qalıb. Azərbaycan tərəfinin müvafiq strukturları lazımi ilkin yardımı göstərdikdən sonra həmin şəxs təxliyyə edilib.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar. Lakin təəssüf hissi ilə bildiririk ki, azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslər hələ də var və bu günədək 1400-dən artıq şəxs polis əməkdaşları tərəfindən saxlanılıb", - Minalar Əleyhinə Azərbaycan Kampaniyasından bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 778