“Sahibkarlıq və hüquqi yardım” mövzusunda onlayn dəyirmi masa keçirilib


18:15     04 İyun 2021 21_06_04_1622816313.jpg


Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin (Mərkəz) təşkilatçılığı ilə “Sahibkarlıq və hüquqi yardım” mövzusunda dövlət və digər orqanların nümayəndələrinin, vəkillərin və sahibkarların iştirakı ilə onlayn qaydada dəyirmi masa keçirilib.

Femida.az-ın məlumatına görə, tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin sahibkarlığın hüquqi tənzimlənməsi sektorunun müdiri Rövşən Məcidov, Sahibkarlar Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Nuriyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.

Mərkəzin direktoru Şahmar Məmmədov tədbiri giriş sözü ilə açmış, iştirakçıları salamlamış və dəyirmi masanın məqsədi barəsində məlumat verib.

Açılış nitqi ilə Kollegiyanın sədri A.Bağırov çıxış edərək, sahibkarlıq fəaliyyəti mexanizmlərinin inkişafı, arbitraj məhkəmələrinin yaradılmasının əhəmiyyəti və sahibkarlıqda rolu, mediasiya sahəsində görülmüş və görülməli işlər, beynəlxalq təcrübənin öyrənilməsi, məhkəmə-hüququ sistemindəki islahatlar, vəkillik sahəsində qanunvericilikdəki dəyişikliklər, Kollegiya tərəfindən son illərdə görülən işlər və keçiriləcək növbəti dəyirmi masalar haqqında məlumat verib.

Daha sonra, İqtisadiyyat Nazirliyindən R.Məcidov sahibkarlıq sahəsində bəzi təkmilləşdirilmələrə ehtiyyac olduğunu və bu sahədə Nazirliyin rolu barədə danışıb.

O cümlədən, ASK-ın vitse-prezidenti Zakir Nuriyev Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilmiş sahibkarlığın inkişafı proqramı üzrə sahibkarlığın inkişaf istiqamətlərindən, sahibkarların hüquqi savadlılığının artırılmasında və sahibkarlığın inkişafında Vəkillər Kollegiyası ilə qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

Bundan sonra, KOBİA-nın Hüquq Şöbəsinin baş hüquqşunası, İdarə Heyətinin katibi Əlibaba Əliyev kiçik və orta sahibkarlara dövlət dəstəyi, sahibkarlığın regionlarda inkişaf etdirilməsi istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə, həmçinin, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova “Sahibkarlıq sahəsində hüquqi yardımın rolu”, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev “Sahibkarlıq subyektlərinin xeyrinə qət edilmiş məhkəmə aktlarının icrasında yaranan problemlər”, “Azinteroil” və “Riyad Renta” MMC-lərinin nümayəndəsi Məmmədov Şirin “Sahibkarlıq və məhkəmə təcrübəsi” mövzuları üzrə çıxış ediblər.

Daha sonra Mərkəzin direktor müavini Gülşən Salmanova, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub, vəkillər Elgin Abdullayev, Zaur Abıyev, Elnur Nəcəfov çıxış ediblər.

Femida.az

Açar sözlər: #vəkil   #vəkillər   #kollegiya   #hüquq   #sahibkarlıq   #femida  

Oxunub: 588