BQXK nümayəndələri erməni diversantlarla görüşüb


17:25     05 İyun 2021 bqxk-1.jpg

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri mayın 27-də Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən saxlanılan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvləri ilə görüşüb.

Femida.az xəbər verir ki, bu barədə qurumun İrəvandakı ofisinin nümayəndəsi Zara Amatuni bildirib.

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri artıq hərbçiləri (diversantlar – red.) ziyarət edib, saxlanma şəraitləri və sağlamlıq vəziyyətləri ilə tanış olublar. Həmçinin, ailə üzvləri ilə əlaqə qurmalarına kömək ediblər", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Açar sözlər:

Oxunub: 1057