Polisin ittiham etdiyi həkimlərə məhkəmə bəraət verdi


18:58     05 İyun 2021 2020/08/mehkeme_esas_1597837766.jpg


COVİD-19 xəstəliyinə yoluxduqları halda ictimai yerlərdə olduqları iddiası ilə təqsirləndirilən həkimlər Ağayev Elvin Məmməd oğlu və Ağayev Məmməd Təvəkgül oğlu barəsində Xətai rayon Məhkəməsi tərəfindən verilmiş barəaət hökmü qüvvədə saxlanılıb. Belə ki, təqsirləndirilən şəxslərin işi Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, bəraət hökmü dəyişdirilməyib.

Bu barədə Femida.az-a təqsirləndirilən şəxslərin vəkili Ayazbəy Əhmədov məlumat verib:

Qeyd edək ki, təqsirləndirilən şəxslər ata-oğuldur və hər ikisi Salyan rayonunda diş həkimi kimi fəaliyyət göstərirlər. Ötən ilin yayında onlar koronavirusa yoluxmalarından şübhələnərək Salyan rayonunda test veriblər. Testin cavabı çıxmamış müalicə məqsədi ilə Bakı şəhərinə gediblər. Analizin cavabı onlara Bakıya gəldikdən 5 gün sonra bildirilib və həmin vaxt artıq xəstəxanada müalicə almaqda olublar. Ağayevlər COVİD-19 xəstəliyinə yoluxduqlarını bilə-bilə Bakı şəhərinə taksi ilə gəlməkdə və bununla da xəstəliyin yayılması üçün real təhlükə yaratmaqda təqsirləndiriliblər. Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsi tərəfindən 8 avqust 2020-ci il tarixində tutulublar. Onların barəsində həmin tarixdə cinayət işi başlanıb. Məmməd Ağayev barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilsə də, Elvin Ağayev barəsində “həbs” qətimkan tədbiri seçilməklə sonuncu Kürdəxanı qəsəbəsində yerləşən istintaq təcridxanasına yerləşdirilib.

Vəkilin sözlərinə görə, dəfələrlə müdafiə etdiyi ata-oğulun təqsirsiz olduğuna dair sübutlar təqdim etsə də, cinayət işinə xitam verilməyib və baxılması üçün məhkəməyə göndərilib:

“Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Elvin Ağayevin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib və o, azadlığa buraxılıb. Məhkəməsinin 6 aprel 2021-ci il tarixli hökmü ilə hər iki şəxs təqsirsiz bilinərək, onlara bəraət verilib. Bəraət hökmündən narazı qalan dövlət ittihamçısı protest verib. Lakin Bakı Apelyasiya Məhkəməsinin 4 iyun 2021-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməyib və bəraət hökmü dəyişdirilmədən saxlanılıb”.



“İlk dəqiqədən hər iki şəxsin təqsirsiz olmasını anlasam da, bunu sübut etmək üçün uzun və çətin yol getməli olduq. Haqq-ədalət sonunda öz yerini tapdı. Bu baxımdan məhkəmələrin müstəqilliyi uğrunda dərin islahatlar aparıldığına görə ölkə rəhbərliyinə təşəkkür edirəm!” - deyə vəkil Ayazbəy Əhmədov qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #hüquq   #polis   #Covid19   #hakim   #qanun   #vəkil   #femida  

Oxunub: 562