Ədliyyə naziri Kəlbəcərdəki hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi


19:45     05 İyun 2021 21_06_05_1622915167.jpg

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədr və bütün digər üzv ölkələrinin ədliyyə nazirlərinə, BMT-nin və Avropa Şurasının insan hüquqları üzrə rəhbər vəzifəli şəxslərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciətlər ünvanlayıb.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlərdə 30 illik erməni işğalı altında olan torpaqlarımızın Vətən müharibəsində qələbəmizlə azad edildiyi, o cümlədən ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla 3 rayonun qaytarıldığı və 750 min məcburi köçkünün öz yurdlarına qayıtmasının nəzərdə tutulduğu qeyd olunub.

Lakin Ermənistan tərəfindən soydaşlarımızın geri qayıtmasına əngəl törətmək və mülki əhali arasında növbəti qurbanların olması məqsədilə ərazilərimizin minalandığı və bununla bağlı Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq Ermənistanın qeyri-insani davranaraq, beynəlxalq normaları, o cümlədən BMT-nin 1949-cu il Cenevrə və İnsan hüquqlarına dair 1950-cı il Avropa konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla mina xəritələrini qəsdən vermədiyi vurğulanıb.

Ermənistanın insanlığa qarşı bu cinayətkar əməlləri nəticəsində müharibədən sonra dinc sakinlər və sülhməramlılar olmaqla 140 nəfərdən çox şəxsin erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşdüyü və onlardan 27-nin həlak olduğu təəssüflə qeyd edilib. Bildirilib ki, sonuncu faciəvi hadisə isə iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda baş verib və minanın partlaması nəticəsində peşə vəzifəsini yerinə yetirən iki jurnalist olmaqla 3 nəfər həlak olub, bir neçə şəxs isə ciddi xəsarət alıb.

Bununla bağlı ədliyyə naziri xarici həmkarlarını və beynəlxalq insan hüquqları təsisatlarını müharibənin bitməsindən sonra insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması, həmçinin Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması naminə səslərini ucaldaraq, Ermənistanı mina xəritələrinin verilməsi ilə əlaqədar beynəlxalq öhdəliklərini hökmən yerinə yetirməyə təsir etməyə çağırıb.

Ədliyyə işçiləri iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olmuş həmvətənlərimizi anaraq xatirələrini bir dəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.

Femida.az

Açar sözlər: #ədliyyə   #nazir   #FikrətMəmmədov   #Kəlbəcər  

Oxunub: 5225