“Xalqın maraqları hər şeydən üstündür” - İlham Əliyev


20:00     30 Dekabr 2015 20141224_15218.jpg

Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

Heydər Əliyev Fondunun Bakının Zirə qəsəbəsində həyata keçirdiyi bu layihə möhtəşəmliyi ilə diqqəti cəlb edir və son illərdə ölkədə icra olunan ən orijinal layihələrdən biridir. Bu nadir məkanın qəsəbədə yaradılması isə onun əhəmiyyətini daha da artırır. Belə ki, yerli sakinlər, xüsusilə də gənclər üçün cəlbedici olan bu yer qəsəbənin sosial-mədəni inkişafında mühüm rol oynayacaq. Digər tərəfdən, bu layihə Heydər Əliyev Fondunun regional inkişaf konsepsiyasında önəmli yer tutur.

Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetrdir. İkimərtəbəli binanın girişində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətlərini əks etdirən fotostend qurulub. Qalereyada yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər qurulub, su-kanal sistemi yaradılıb. Mərkəzin xarici dil kabinetində ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var. Kabinetdə elektron lövhə qurulub, hər bir şagird masası son elektron texnologiyalı kompyuterlərlə təchiz olunub. Zirə Mədəniyyət Mərkəzindəki İDEA resurs mərkəzi ölkə üzrə fəaliyyət göstərən analoji mərkəzlərdən biridir və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Təşkilatının ideyası ilə yaradılıb. Burada qlobal iqlim, flora və fauna dəyişikliyi problemləri, kimyəvi tullantılar, ekoloji tarazlığın pozulması ilə bağlı görüşlərin, “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır. Mərkəzdə yaşıllaşdırma, landşaft dizaynı və bağçılıqla bağlı treninqlər də keçiriləcək. Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi IDEA kampaniyası nəsli kəsilməkdə olan heyvanların - xüsusilə də Qafqaz faunasının nəsli kəsilməkdə olan beş növünün populyasiyasının qorunub saxlanılmasına və qoruqların mühafizəsinə həsr olunub.

Şahmat sinfində bu qədim oyunun sirlərini öyrənmək istəyənlərin məntiqi düşüncələrinin düzgün formalaşdırılması üçün ən üstün elektron texnologiya qurulub. Kabinet elektron şahmat lövhələri ilə təmin edilib. Oyunlar eyni vaxtda internet vasitəsi ilə monitorda nümayiş olunur.

Moda studiyası da müasir tikiş avadanlıqları ilə təmin olunub. Bura dərzilik kursu, tikiş dərsləri ilə yanaşı, geyimlərin sifarişi, həm də nümayiş xarakterli bir məkandır. Paltarların biçimi və tikişi kursu fərdi və qrup xarakteri daşıyır.

Muzey formatında yaradılan Zirə Xalça Muzeyi də Mədəniyyət Mərkəzində yerləşir. Muzeydə 150 ildən çox yaşı olan Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir. Xalça Muzeyinin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edir. Tədris mərkəzi xalçaçılıqda istifadə olunan ləvazimatlarla və hanalarla təchiz olunub. Dərslərin səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığından bəhs edən audio və video materiallar, kitablar, kataloq və jurnallarla təmin olunub. Mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb. Burada 30-dan artıq şagirdə xalçaçılığın sirləri öyrədiləcək. Perspektivdə xalça fabrikinin yaradılması nəzərdə tutulur.

Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. “Nizami” Kino Mərkəzində nümayiş olunan filmlərin müasir texnologiya ilə təchiz olunan bu kinozalda da yayınlanması nəzərdə tutulub. Burada xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq və havalandırma sistemləri qurulub. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür.

Nikah evində nikahların qeydiyyatı aparılacaq və bununla əlaqədar tədbirlər keçiriləcək. Yeni evlənənlərin tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi, yeni doğulmuş körpələrin qeydiyyatı da burada aparılacaq. Mədəniyyət Mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı geniş imkanlar var.

Mərkəzdə idman və bədii gimnastika təlimləri üçün nəzərdə tutulan gimnastika zalı da yaradılıb və zal Gimnastika Federasiyası tərəfindən müvafiq avadanlıqlarla təchiz olunub. Art-studiya isə rəngkarlığın sirlərini öyrənmək istəyən müxtəlif yaş qruplarına aid istedadlı gənclərin cəlb olunması üçün nəzərdə tutulub. Studiya zəruri avadanlıq və rəngkarlıq vasitələri ilə təchiz edilib. Burada gələcəkdə tanınmış rəssamların ustad dərslərinin təşkili planlaşdırılır.

Elektron kitabxana mərkəzləşdirilmiş sistemlə təchiz olunub və üç mindən çox elektron vəsait bazaya yüklənib. Kitabxana xüsusi dizaynla tərtib olunub. İstifadəçilərin rahatlığı üçün kitablar sərbəst istifadəyə verilib.

Foto-video studiya da rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilib. Burada müasir fotostudiya - xüsusi fon pərdələri, işıq sistemi, kompyuterləşmiş foto avadanlığı qurulub. Studiyada peşəkar çəkiliş və xidmətlə yanaşı, foto-video-montaj dərslərinin keçirilməsi, mərasimlərin işıqlandırılması nəzərdə tutulub.

Zirə Mədəniyyət Mərkəzində seçicilər, qəsəbə sakinləri ilə qəbul və görüşlərin keçirilməsi üçün də hər cür şərait yaradılıb. Seminar, treninq, iclas, təqdimat və yığıncaqların təşkili üçün zəruri avadanlıqla təchiz olunan 60 nəfərlik konfrans zalı qurulub.

Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada Orxideya Evinin yaradılmasıdır. Ölkədə ilk dəfə yaradılan bu məkanda 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Zalın tərtibatında müxtəlif ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng orxideya növlərindən istifadə olunub.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun bir qrup sakini ilə görüşdülər.

Prezident İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın yüksək səviyyədə qurulduğunu, burada hər cür şəraitin yaradıldığını bildirdi. Ölkəmizin hər yerində, o cümlədən paytaxtda ictimai yerlərin, parkların yaradıldığını deyən dövlətimizin başçısı bütün bunların da insanların rahatlığı üçün edildiyini diqqətə çatdırdı. Son illərdə paytaxtın bütün kənd və qəsəbələri kimi Zirə qəsəbəsinin də inkişafının sürətlə getdiyini bildirən Prezident İlham Əliyev Xəzər rayonundan deputat seçilən Mehriban Əliyevanın fəaliyyətinin bu prosesə mühüm töhfə verdiyini, ərazidə icra olunan ekoloji layihənin müəllifinin Leyla Əliyeva olduğunu dedi. Ölkəmizdə sosial və infrastruktur layihələrinin, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramının uğurla icra olunduğunu söyləyən dövlətimizin başçısı 2015-ci ildə Azərbaycanda ictimai sabitliyin təmin edildiyini dedi, növbəti illərdə ölkəmizin iqtisadi inkişafının təmin olunmasının diqqət mərkəzində saxlanacağını vurğuladı. Gələn il idarəetmə sahəsində islahatların yeni formatda davam etdiriləcəyini deyən Prezident İlham Əliyev icra orqanlarının fəaliyyətində, vergi və gömrük sahəsində şəffaflığın təmin ediləcəyini bildirdi. “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”,- deyən dövlətimiz başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Məclisin deputatı kimi Xəzər rayonunun inkişafının bundan sonra da diqqət mərkəzində saxlanılacağını dedi və bu işdə ona göstərdikləri dəstəyə görə sakinlərə təşəkkür etdi.

Sakinlər də ölkəmizin, o cümlədən paytaxtın kənd və qəsəbələrinin inkişafına verdikləri dəyərli töhfələrə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və ailə üzvləri Zirə Mədəniyyət Mərkəzinin ətrafında salınan eko-parkda yaradılan şəraitlə tanış oldular. Burada müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan “Ürək” əsərinin 3 metrlik abidəsi də ucaldılıb. On hektar ərazidə salınan eko-park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada geniş yaşıllaşdırma işləri görülüb, minlərlə müxtəlif növ nadir dekorativ və meyvə ağacları, bəzək kolları və güllər əkilib. Parkda müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Elektromobillər və velosipedlər üçün xüsusi yollar salınıb. Parkın özəlliyini artıran mühüm cəhətlərdən biri də burada 25 adda 150-dək ekzotik quşların saxlanmasıdır. Onların saxlanması və artırılması üçün burada quş parkı yaradılıb. Bundan əlavə, parkda kiçik süni su hövzələri - gölməçələr də var. Ərazinin suvarılması xüsusi sistemlə həyata keçirilir və avtomatik idarə olunur.

Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları da yaradılıb, köşklər qurulub. Fəvvarələr meydançası əraziyə xüsusi yaraşıq verir. Pilləli formada yaradılan meydançada rəngarəng işıqlandırma sistemi də qurulub.

Qeyd edək ki, 2005-ci ildən başlayaraq Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılığı ilə bütün ölkədə olduğu kimi, Xəzər rayonunda da çoxsaylı layihələr həyata keçirilib. İndiyə qədər Zirə qəsəbəsində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinin əbədiləşdirildiyi Xatirə bağı yenidən qurulub, müasir Müalicə-Diaqnostika Mərkəzi tikilib, qəsəbə sakinlərinin asudə vaxtının səmərəli təşkili üçün salınan parkda Mədəniyyət Evi, Zirə İdman Kompleksi, stadion və digər sosial obyektlər istifadəyə verilib, təhsil müəssisələri inşa olunub, yollar salınıb. Qəsəbə sakinlərinin məşğulluğunun təmin olunması məqsədilə mühüm tədbirlər həyata keçirilib. Təsadüfi deyil ki, Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın fəaliyyətə başlaması ilə burada 60-a yaxın yerli sakin daimi işlə təmin olunub.

Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkdilər.

Qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzi xüsusi xidməti avtobuslarla təchiz olunub. Bundan əlavə, qəsəbə sakinlərinin rahatlığının təmin olunması üçün Zirə bələdiyyəsinə sərnişin avtobusları da verilib. Onu da deyək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zirə Mədəniyyət Mərkəzinin yaxınlığında Suraxanı rayonu 2 saylı uşaq evi üçün 140 yerlik yay düşərgəsinin inşası başa çatmaq üzrədir.

Açar sözlər:

Oxunub: 1060


Oxşar xəbərlər