Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi


02:24     01 Yanvar 2016 big_1451563981_patlayici.jpg

Azərbaycan Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, ölkəmizdə böyük təntənə ilə qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində daxili işlər orqanlarının əməkdaşları Qanunvericiliyin tələblərinə əsasən partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.

Nazirlik əhalinin nəzərinə bir daha çatdırır ki, Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunun 9-cu bəndinə əsasən, bu cür əşyaların mülki dövriyyəsi məhdudlaşdırılır.

Məlumatda qeyd olunur ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçirdikləri reydlər zamanı ticarət obyektlərindən ümumilikdə 150.000-ə qədər, Sumqayıt Səhər Polis İdarəsinin əməkdaşları tərəfindən isə şəhər ərazisindəki satış yerlərindən 8.000-ə yaxın yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilıb.

Bildirilir ki, tezalışan maddələr və pirotexniki məmulatların satışına qarşı mübarizə tədbirləri bayram günlərində də nəzarətdə saxlanılmaqla reydlər davam etdiriləcək.

İnsanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan belə maddələrin satış yerləri, eləcə də istifadə edilməsi barədə məlumatı nazirlik əhaliyə “102 Zəng Xidməti"nə verməyi tövsiyə edir.

Açar sözlər:

Oxunub: 1290