İnqilab astanasında – Sənayenin dördüncü transformasiyası nə ilə möhürlənəcək?


17:39     29 İyun 2021 21_06_29_1624974346.jpg


Diqqət edirsinizsə, son vaxtlar olmaz dediklərimiz sanki sehirli qüvvənin əli ilə reallaşır. Proses elə sürətlə baş verir ki, hətta günümüzün insanı üçün fantaziya deyilən bir şey qalmayıb.

Sürət o qədər yüksəkdir ki, təxəyyülü ən güclü olan Azərbaycan startapçısının ideyası sən demə bir həftə öncə Silikon Vadisində reallaşıb. Bu özlüyündə yaxşıdır, yoxsa pis – dəqiq deyə bilmərəm, amma əminəm ki, getdikcə hər kəs mənim kimi təxəyyülünə şübhə ilə yanaşacaq.

Hələ illər öncə dövriyyəyə buraxılan “Artıq kəşf olunacaq Amerika qalmayıb” fikri daha da geniş yayılacaq, insanlar hər gün daha da cəsarətlənən maşın önünündə dizləri titrək, qaçağan baxışlarla dayanacaq. Bu, həqiqətən də inqilabdır, amma insanların deyil, texnologiyanın inqilabıdır. Mən də optimistlərdənəm, lakin faktlar şirin yalan danışmağa imkan vermir.

Texnologiya nəhənglərinin xülyaçı, yalançı, pessimist damğası vurduğu kəsim insanlar təxminən 15 il bundan öncə həyəcan siqnalı verməyə başladılar ki, bu cür sürətli transformasiya işsizliyi artıracaq, əməyin dəyəri, tətbiq sahələri qalmayacaq. O vaxtdan bəridir, əks arqument olaraq irəli sürüldü ki, transformasiyaya görə işini itirən özünə yeni sahə tapacaq. Məsələn, mənə çox maraqlıdır, görəsən, poçtalyon özünə nə iş tapacaq?

Sizə təxminən 15-16 il öncə kəndimizdə baş verən bir olayı danışım. O vaxtlar pensiyalar əlbəəl paylanılırdı, yəni “şeytan icadı” olan plastik kartlar yox idi. Mikayıl da mal-qaradan satıb təminat müdirinə vermişdi ki, pensiya paylayan işləsin – işləyirdi, yaxşı qazanırdı da. Sonra kart çıxdı, Mikayıl qaldı işsiz, bolluğa öyrəşən xanımı boşanıb, ata evinə qayıtdı. Sonra Mikayıl qismətini açmaq üçün qumara baş vurdu, daha sonra isə pul paylayan Mikayıl pul yığana çevrildi, içki üçün camaatdan 3-5 manat dilənirdi.

İndi deyəcəksiniz ki, niyə gedib bostan əkmirdi, mal-qaraya baxmırdı, yaxud da başqa işlə məşğul olmurdu?
Cavab sadədir, asan pul qazanmışdı, bunun mümkün olduğunu bilirdi, niyə özünü əziyyətə salmalıdır ki?!
Cavabım sentimentallıqdan kənardır, bilirəm, amma məsələ bu deyil, əzizlərim. Rəvayət etdiyim 2005-2006-cı illərdə Azərbaycanda internetə çıxışı olanların sayı ümumi əhalinin təxminən 7-8 faizini təşkil edirdi. Onların içində də bizim pul paylayan yox idi. Deməyim odur ki, sizin üstünüzə gələnin əlindəki silahdan sizdə yoxdursa, yaxud da o silaha qarşı istifadə edəcəyiniz başqa silahınız yoxdursa, işiniz çətindir, daha doğrusu müxtəlif formalı Mikayıl olacaqsınız.

Bu yaxınlarda Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” kitabını oxudum. Tükürpədici faktlarla rastlaşdım. Deməli, 1990-cı ilin Detroiti ilə 2014-cü ilin Silikon Vadisi müqayisə edilir. Məlumat üçün deyim ki, XX əsrin ən böyük sənaye mərkəzi məhz Detroit idi. Deyirəm axı, iki mərkəz müqayisə edilir – 1990-cı ildə Detroitdəki ən böyük 3 şirkətin məcmu bazar dəyəri 36 milyard dollar, məcmu gəlirləri 250 milyard dollar, məcmu işçi sayı isə 1,2 milyon nəfər idi. 2014-cü ildə Silikon Vadisindəki ən böyük 3 şirkətin məcmu bazar dəyərinə baxdıqda isə bu rəqəmin çox-çox yüksək (1,09 trilyon dollar) olduğunu görürük. Həmçinin bu şirkətlər təxminən eyni səviyyədə (247 milyard dollar) məcmu gəliri 10 dəfə az sayda (137 000) işçi ilə yaradırlar. Sizcə, hazırda həmin fərqdən yaranan 1 milyon 63 min nəfər insan nə ilə məşğuldur? Durun, mən deyim – yardım almaqla, ianələrlə yaşamaqla, iş elanı axtarmaqla, intihar etməklə, adam aldatmaqla, cinayət törətməklə... Siyahını böyütmək olar, amma nə hacət... Yeri gəlmişkən deyim ki, əhalinin sayı artır. Dünya əhalisinin sayının 2030-cu ildə 8 milyarda, 2050-ci ildə isə 9 milyarda yüksələcəyi gözlənilir.

İndi dünya IV Sənaye İnqilabından yazır, danışır, müzakirələr təşkil olunur, qurumlar yaradılır. Qurumlar demişkən, Azərbaycanda da bu inqilabla bağlı mərkəz yaradılıb (Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi). Bəri başdan deyim ki, bu işlər təbii baş verən prosesin təzahürünə oxşamır. Hamı təhlükənin fərqindədir, selin qarşısını bəndləməyə çalışan kim, qayıq düzəldib axınla getmək istəyən kim... Getmək demişkən, bu sürətlə hara getdiyimizi müəyyənləşdirmək çox çətindir. Hərçənd müəyyən cəhdlər mövcuddur. Klaus Şvabın kitabında 2025-ci ilə kimi reallaşacağı planlaşdırılan transformasiya hədəfləri var, görməyənlər üçün bir daha təqdim edirəm.

Əslində bu proqnozlar elə də pis deyil, yəni elə hiss olunur ki, insanlar diqqət mərkəzindədir. Amma belə bir deyim var, “Sən saydığını say, gör, fələk nə sayır”. İndi cənab Şvabın tərtib etdiyi bu cədvəlin reallaşacağı dəqiq deyil. Ola bilsin ki, cədvəldə ki, hədəflərə çatmaq mümkün olsun, amma dünya əhalisinin bu hədəfləri mənimsəmə səviyyəsini göstərən rəqəmlərlə bağlı bunu demək mümkün deyil. Bu fikri əsaslandırmaq üçün əvvəlki üç sənaye inqilabına nəzər salaq.

Birinci sənaye inqilabı 1760-cı ildən 1840-cı ilə qədər davam etdi. İnqilab dəmir yollarının inşa edilməsi və buxarlı maşının ixtira edilməsi ilə mexaniki istehsala start verdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində ortaya çıxan ikinci sənaye inqilabı elektrik enerjisinin və montaj xəttinin köməyi ilə kütləvi istehsalı mümkün etdi. Üçüncü sənaye inqilabı isə 1960-cı illərdə başladı. Bu inqilab, yarımkeçiricilərin inkişafı, meynfreym kompüterlərin (1960-cı illər), fərdi kompüterlərin (1970-ci və 1980-ci illər) və internetin (1990-cı illər) katalizatorluğu ilə baş verdiyi üçün adətən kompüter inqilabı və ya rəqəmsal inqilab da adlandırılır.

Hazırda təxminən 1,3 milyard insanın hələ də elektrik enerjisinə çıxışı olmadığı dünyada ikinci sənaye inqilabı bütün dünya əhalisinin yalnız 17%-ni əhatə edir. Eyni vəziyyət üçüncü sənaye inqilabına da aiddir. Hazırda dünya əhalisinin yarısından çoxu, əksər hissəsi inkişaf etməkdə olan ölkələrdə yaşayan 4 milyard insan internet xidmətlərinə çıxışdan məhrumdur. Halbuki internet on ildən də az müddətdə bütün dünyaya yayılmışdı. Birinci sənaye inqilabının simvolu olan iplik dəzgahının Avropanın xaricində yayılması isə təxminən 120 ilə mümkün olub.

Dünya əhalisi arasında bu qırılmanın nə ilə nəticələnəcəyini praqnozlaşdırmaq yəqin ki, o qədər də çətin deyil. Bu o deməkdir ki, mənim bu yazımı 4 milyard insan oxuya bilməz. Amma mən onların da başına gələcək bir prosesdən danışıram.
Süni intellekt, əşyaların interneti, nanotexnologiya, gen mühəndisliyi avtonom maşınlar dünyanın işğalını səciyyələndirən amillərdir. Qurandakı qiyamət, İncil və Tövratdakı armagedon (dünyanın dağılması ilə nəticələnən müharibə) deyəsən, elə də uzaqda deyil. Heç avtonom maşınları yaradanların özləri də bu maşınlara 10 il sonra hökm edə biləcəklərindən əmin deyillər.

Hə, yadımdan çıxmamış onu da deyim, bu qədər gəvəzələdim, koronavirusdan danışmamaq olmaz axı. Mən bütün varlığımla inanıram ki, koronavirus məhz IV Sənaye İnqilabının sürətlənməsinə xidmət edən bir prosesdir, məqsədli şəkildə dövriyəyə buraxılıb. Gəlin, bir özümüzə baxaq, evdən işləyirik, evdən konfransa qatılırıq, evdən alış-veriş edirik, evdən təhsil alırıq – dünya evimiz qədər olub, yaşa ahəstə-ahəstə!


Nicat Abdullayev

Femida.az

Açar sözlər: #sənaye   #iqtisadiyyat   #köşə   #NicatAbdullayev  

Oxunub: 1431