Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana gəlib


17:53     30 İyun 2021 2021/06/d03e897b-1d61-3430-9736-f88d69a832db_850_1625061475.jpg

Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru xanım Yanne Holst Hübner və Assosiasiyanın üzvü - Danimarka Krallığının Hərbi Prokurorluğunun prokuroru cənab Klaus Risbcerg ölkəmizə işgüzar səfərə gəliblər.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İyunun 29-da keçirilən görüş zamanı Baş prokuror, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev qonaqlara ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq son dövrlərdə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, struktur və kadr dəyişiklikləri barədə ətraflı məlumat verməklə gənc hüquqşünasların işə qəbul edilməsi və onların peşəkar kimi təkmilləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illərdən sonra erməni işğalı altında olan torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bötövlüyünün bərpa edildiyini, işğal zamanı tamamilə dağıdılmış ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə geniş miqyaslı bərpa-quruculuq işlərinə başlanıldığını vurğulayıb.

Cinayətkarlıqla mübarizədə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın mühüm rolu qeyd olunaraq, ölkəmizin bu təşkilatla uzun illərdir sıx və uğurlu əməkdaşlığından məmnuniyyət ifadə edilib.

Qonaqlar səmimi qəbula görə minnətdarlıq ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, təşkilatın milli prokurorluq orqanlarımızla əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildiriblər.

Görüş zamanı Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına 2024-cü ildə ölkəmizin ev sahibliyi etməsi haqqında qərarın qəbul olunması Azərbaycan Prokurorluğunun qeyd edilən quruma verdiyi töhvələrin nəticəsi kimi qiymətləndirilməklə, həmin tədbirlə əlaqədar bir sıra təşkilati məsələlər müzakirə edilib.

Bundan sonra nümayəndə heyəti Baş Prokurorluğun 2021-ci ilin fevral ayında istifadəyə verilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binada yaradılmış şəraitlə tanış olub.

Eyni zamanda qonaqlar 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət etməklə, Assosiasiyaya yeni qəbul olunmuş gənc prokurorluq əməkdaşları ilə görüşüb və onları maraqlandıran təşkilati və əməkdaşlıq məsələləri ilə bağlı sualları cavablandırıblar.

Həmçinin, nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində də olmaqla struktur qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Açar sözlər:

Oxunub: 674