Ramiz Mehdiyevin kitabı təqdim olundu


17:24     27 May 2015 KİTABIMG_7746.JPG

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Nadir şah Əfşar: Diplomatik yazışmalar” kitabının təqdimatı olub.


Femida.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətindən danışıb, əsəri tarixinin təəssübünü çəkən, millətini sevən müəllifin yaratdığı mükəmməl sənət abidəsi kimi dəyərləndirib:

“Akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar: Diplomatik yazışmalar" kitabı türk mənşəli hökmdarın öyrənilməsi baxımından mühüm mənbədir. Bu kitabda Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi faktı qeyd olunub və məhz bu hadisədən sonra Azərbaycan torpaqlarının parçalanması sürətlənib".

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nadir şah Əfşar: Diplomatik yazışmalar” kitabı haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Nadir şah Əfşarla bağlı bu günə qədər müxtəlif fikirlər mövcud olub:

"Xüsusən də erməni müəlliflərin saxtalaşdırmağa çalışdığı, şəxsiyyətinə kölgə salmaq istədikləri bu müəllifin yenidən öyrənilməsi əhəmiyyətli addımdır. Bu kitab əks fikirlərə sənədlər əsasında cavab verən obyektiv bir əsərdir. "Hökmdarın portreti" əsərində olduği kimi Ramiz müəllim bu kitabda da Nadir şahın əsaslandırılmış portetini yarada bilib və ilk dəfə olaraq onun rəsmi tərcümeyi halı öz əksini tapıb.

Nadir şahın mənşəyi ilə də bağlı müxtəlif fikirlər olub onun türk olduğu açıq etiraf olunmayıb. Ramiz müəllim isə bu kitabda ilk dəfə sənədlər əsasında Əfşarların türk olduğunu sübut edib ki, bu da tarixçilər üçün töfhədir".

Tədbir iştirakçılarına akademik Ramiz Mehdiyevin təşəkkürünü çatdıran Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov kitabın əhəmiyyətindən danışıb. O, qeyd edib ki, nəşrdə Nadir şahın yazışmalarının Azərbaycan dilinə tərcümə olunması xüsusi əhəmiyyət kəsb edir.

“Bu tədqiqat Nadir şah Əfşar haqqında həqiqətlərin ortaya çıxmasına zəmin yaradacaq. Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar və digərləri haqqında stereotipləri dağıtmaq zəruri idi. Bu insanların Azərbaycan dövlətçiliyi ilə bağlı xidmətlərini kiçiltmək cəhdləri var, onları İran şahlar kimi təqdim etməyə çalışırlar. Araşdırmalar aparmaq üçün ilkin mənbələrin yazıldığı dili bilmək lazımdır, yoxsa dəyərli əsər ortaya qoymaq mümkün deyil. Azərbaycan mənbəşünaslığında böyük boşluqlar var. AMEA-da böyük mütəxəssislər var, inanıram ki, bu sahədə daha böyük tədqiqatlar aparılacaq”.

Tarixçi alim Yaqub Mahmudov da kitabın Azərbaycan tarixi sahəsindəki araşdırmalar sırasında mühüm yer tutduğunu qeyd edib və tarixi şəxsiyyətlərə belə layiqli münasibətin göstərilməsinin vacibliyini vurğulayıb: "Bizim dövlətçilik mədəniyyətimiz var və zəhmət çəkib buna sahib çıxmalıyıq. Biz imperiya yaratmış xalqıq və dövlətçilik ənənəmiz var. Biz heç kimdən vaxtilə yaratdığımız imperiyaya daxil olan torpaqları istəmirik, sadəcə bilinməlidir ki, bizim dövlətçilik ənənəmiz var. Nadir şah öz hakimiyyəti dövründə həm şiəliyi, həm də sünniliyi müdafiə edən mollaları cəzalandırıbç ölkədə vahid dini sistem yaradıb".

AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib ki, İran tarixşünaslığında Nadir şah Əfşar barədə 23 kitab və monoqrafiya dərc olunub: “Müasir İran tarixşünaslığında Nadir şah Əfşarla bağlı yeni tədqiqatlar aparılmaqdadır. İran tarixşünaslığında Nadir şah Əfşara iki baxış var. Birincisi, İran dövlətçiliyini xilas edən xilaskar kimi əfsanələşdirilir, ikinci baxışda isə ömrünün sonlarında tətbiq etdiyi sərt cəzalara görə pislənir.

Türk birliyi ideyasının daşıyıcısı olan Nadir şah Əfşar Azərbaycan dövlətçilik tarixində mühüm rol oynayıb. Tarix boyu Nadir şah Əfşar imperiyası İran imperiyası kimi təqdim olunur, Nadir şahın mənsubiyyəti inkar olunmasa da, İran dövlətçiliyinə xidmət etdiyi vurğulanır. İranda islam inqilabından sonra bu ölkədə azərbaycanlılar Nadir şah Əfşar və onun mübarizəsi barədə həqiqətlərlə bağlı elmi məqalələr, araşdırmalarla çıxış edirlər. Nadir şah Əfşar əsrlər boyu islam aləmini parçalayan sünni-şiə məzhəbi ilə bağlı məsələnin həllinə də çalışıb”.

Digər çıxış edənlər də tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın böyük əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd olunub ki, müəllif Nadir şah Əfşarı XVIII əsrin ən qüdrətli hökmdarlarından biri, görkəmli dövlət xadimi və mahir sərkərdə kimi səciyyələndirir, fikrini çoxsaylı mənbələrə istinad etməklə əsaslandırır.

Açar sözlər:

Oxunub: 1071