Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb


16:23     14 İyul 2021 21_07_14_1626265437.jpg


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfiri ölkədə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında müttəfiqliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edən Müdafiə naziri hər iki ölkənin ordularının müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə keçiriləcək birgə hərbi təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov hərbi kadrların hazırlanması və azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Ölkədə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən C.Bağçı Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verən C.Bağçı Vətən müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Türkiyəli səfir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək ordumuza bundan sonra da hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün səmərəli olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.



Femida.az

Açar sözlər:

Oxunub: 755