DİN 3 rayonda əməliyyat keçirdi - VİDEO


15:54     15 İyul 2021 2021/07/7a744-1626348976_1626350700.jpg

Abşeron, Səbail və Binəqədi rayonlarında polis əməkdaşları narkotiklərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Saray qəsəbəsi sakini Fərid Vəliyev saxlanılıb.

Onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı kultivasiya etdiyi ümumi çəkisi 2 kiloqram 260 qram olan 19 ədəd çətənə kolu aşkar edilib.
Fərid Vəliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkdiyini bildirib.

Səbail rayonunda da narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Vurğun küçəsində Nəriman Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, 1 kibrit qutusu qurudulmuş marixuana və 7 ədəd psixotrop həb aşkar edilərək götürülüb. Ətrafında aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Azər Həsənov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2 kiloqram 300 qram heroin götürülüb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb. Əməliyyat zamanı "patı" adlanan psixotrop maddə olan metamfetamin satmaqda şübhəli bilinən Ramin Rəcəbov, Pünhan Bayramlı və Kənan Yarıyev saxlanılıblar. Bu şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri külli miqdarda metamfetamin aşkar edilib.

Qeyd edilən hər 3 faktla bağlı Abşeron, Səbail və Binəqədi Rayon Polis İdarələrində araşdırmalar və istintaq tədbirləri davam etdirilir.



Femida.az

Açar sözlər: Din   Narkotik    

Oxunub: 178