Mahnı dağlarda qaldı... - Təsnifə dönən adın günüdür


17:15     15 İyul 2021 2021/07/16080-1626351488_1626355675.jpg

Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür. O, yaşasaydı 23 yaşını qeyd edəcəkdi.

Azvision.az şəhidin bibisi Mehparə Əmirova ilə söhbətləşib. Qardaşı oğlunun itkisindən ürək yanğısı ilə danışan qadın deyir ki, gənc əsgər müharibəyə onun evindən yollanıb. Xudayar evdən ayrılarkən üç dəfə bibisini öpüb bağrına basıb.

- İki gün bizim evimizdə qalıb, sonra müharibə yola düşdü. Onun son gedişini heç cürə unuda bilmirəm. Həmin səhnəni xatırlayanda yaram qanayır. Xudayar öz həssaslığı, ürəyiyumşaqlığı və mehribanlığı ilə mənim qəlbimi qazanmışdı. Həmişə utancaq davranırdı. Mən onu tək qardaşım oğlu deyil, həm də dostum, sirdaşım, dərddaşım bilirdim. O qədər mehriban, canı yanan, həssas biri idi ki... Bizim çox oxşarlığımız var idi. Hətta üzdən belə bir-birimizə bənzəyirdik. Əsl insan idi. Sanki 22 deyil, daha çox yaşı vardı. Adamın dərdini dinləyərdi, sirrini saxlayardı. Öz övladıma deyə biləmədiyim sirrimi, dərdimi onunla bölüşürdüm.
Mənim qardaşım, Xudayarın atası Müslüm 30 yaşında dünyasını dəyişib. Atası rəhmətə gedəndə şəkər tutmuşdum, balası vəfat edəndə isə məndə təzyiq xəstəliyi yarandı.Belə yaraşıqlı, ağıllı balanın yoxluğunu qəbul edə bilmirəm.



Onun ortancıl qardaşı Məhəmməd mənim yanımda daha çox olub. Xudayarı isə ana nənəsi Tovuz qadın saxlayıb. Qardaşımın balası körpəlikdən əsil kişi xarakterli idi. Uşaqlıqdan deyirdi, “mən əsgər olacağam”.
Onun şəhid olması ilə bağlı bir məqamı danışmaq istərdim: Qarşıdakı düşmən Xudayargili vururmuş, bunlar isə səngərdən çıxıb birbaşa düşmənin üstünə gedirmişlər. Sona qədər də gedib.

Bibisi deyir ki, Xudayar dostlarının ölümü ilə barışa bilmirmiş. Müharibə günlərində evlə əlaqə saxlayanda əsgər yoldaşlarının itkisinə üzüldüyündən danışarmış.

“Ölümündən bir neçə gün qabaq oğluma səsli mesaj göndərmişdi. Səsi dəhşət saçırdı. Oğlum dedi, “Xudayar, deyirlər, siz irəlidəsiniz". Cavab verdi ki, irəlidəyik e, amma mənim dostlarım şəhid olub. Bu erməniləri məhv edəcəyik. Müharibəyə gedən günü çox kefsiz idi. Mən ona dedim, öz istəyinlə, könüllü gedirsən, içində hansısa narahatlıq və ya qorxu var? Dedi, ay mama, ermənidən qorxmaq nədir?! Erməninin gözün çıxarmaq lazımdır. Sadəcə olaraq, anamı və sizi düşünürəm . Çox həssas uşaq idi. Boş-boşuna danışan deyildi. Etdiyi adi bir zarafatda belə, güldürməkdən çox, adamı düşündürürdü.



Mənim balaca oğlum onun bacısının yoldaşıdır. Bacısı Xudayarı tək qardaşı deyil, həm də övladı hesab edirdi. Oğlum deyir, “Ana, can dostumu, sirr dostumu itirmişəm. Arxam, dayağım gedib”.

Onu heç cür yaddan çıxarda bilmirəm. Övladlarım rahatlıq tapmağım üçün yalvarırlar. Gedəndə üç dəfə geri dönüb, məni qucaqlayıb, bağrına basdı, sonra da qaça-qaça çıxıb getdi. Həmin qapıya baxanda elə bilirəm, Xudayar bu dəqiqə içəri girəcək”.

Mehparə xanımın sözlərinə görə, Xudayar həmişə doğum günlərini dostları ilə birgə qeyd edərmiş.
- Ataları uşaqlıda onları necə geyindirirdisə, qardaşımdan sonra da biz onlara elə qəşəng paltarlar alırdıq. Bu uşaqlar qardaşımın yadigarları idilər, istədiklərini etmək bizim borcumuz idi. O, mənə "mama" deyəndə ürəyim əsirdi. Qardaşıma çox oxşayırdı. Elə bilirdim böyüdükcə Müslüm geri dönür.
Mən toylarda oynamıram. Bir dəfə məni rəqsə dəvət etdi. Nə qədər “yox” desəm də, razılaşmadı. Dedi, "mama, xahiş edirəm, rəqs edək". Elə bildim, qarşımda qardaşım Müslüm dayanıb. Geri qaytarmağa ürəyim gəlmədi. Hər kəs bizə elə baxırdı ki, mənim qürurdan ürəyim gedirdi”.



Şahanə Rəhimli

Femida.az

Açar sözlər:

Oxunub: 697