Ağdamda yeni hərbi hissənin açılışı olub - VİDEO


10:24     16 İyul 2021 2021/07/d807216a-4878-391e-9dfe-349362643487_1626417374.jpg

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib.

Qeyd edək ki, kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

Açar sözlər:

Oxunub: 475