İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
15:07 17 İyul 2021
Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Femida.az-ın məlumatına görə, mətində deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.
Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.
Əziz bacı və qardaşlarım!
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək.
Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!".
Femida.az
Oxunub: 954
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM