Hacıqabulda heroin satan şəxslər saxlanıldı


17:38     17 İyul 2021 21_07_17_1626528014.jpg

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Yevlax rayon sakini Anar adlı şəxsə məxsus “Mercedes” markalı avtomobildə ona və həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşən şəxsə məxsus narkotik vasitə daşınmasına dair polisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində həmin avtomobil rayon ərazisində hərəkətdə olarkən saxlanılıb. Avtomobilə baxış zamanı oradan sürücü, əvvəllər məhkum olunmuş Anar Qurbanov və sərnişin, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş İlqar Hüseynova məxsus 1 kiloqram 120 qram narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs isə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni satmaq məqsədilə avtomobildə daşıdıqları müəyyən olunub.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 1029