"Qurban bayramınını qalib xalq kimi qeyd edirik" - Millət vəkili


16:41     19 İyul 2021 21_07_19_1626698507.jpg


“Azərbaycan xalqının xarakterində, məişətində, adət və ənənələrində özünə əbədiyaşarlıq qazanmış milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına dövlətimiz xüsusi diqqət yetirir. Ölkədə hökm sürən dinlərin tolerantlığı, dözümlülük, çoxmillətlilik və çox mədəniyyətlilik amilinin uğurla tənzimlənməsi, bütün dinlərə rahatlıq və bərabərlik şəraitinin təmin edilməsi isə ölkədə aparılan multikulturalist siyasətin təzahürüdür.

Məlumdur ki, sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar tənqid hədəfi olmuş və heç vaxt təqdir olunmayıb. Daha dəqiq desək 70 illik sovet rejimi dövründə insanların zehnindən dinin sıxışdırılıb çıxarılması məqsədilə bir çox işlər görülüb.

Ancaq heç nəyə baxmayaraq Azərbaycan xalqı daima öz dininə bağlı bir xalq olaraq yaşamış, dini bayramlarını qeyd etməkdən, ümumilikdə bu ənənələri yaşatmaqdan və gələcək nəsillərə ötürməkdən çəkinməmişdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Respublikası İslam mədəniyyətinin inkişafına ən çox töhfə verən ölkələrdən biri olaraq xarakterizə olunmaqdadır.”

Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Qurban bayramı artıq dövlət səviyyəsində qeyd olunur: “Azərbaycan Prezidentinin andiçmə mərasimində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi Azərbaycanda vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu təsdiqləyir.

Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu qədim və müqəddəs bayram yüksək səviyyədə qeyd edilir, iş günü hesab olunmur. Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır.

Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.”

A.Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirir: “Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.”

Milli Məclisin deputatı vurğulayıb ki, dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimzə göstərdiyi diqqətin parlaq təzahürüdür: “Qürurverici haldır ki, bu il Azərbaycan xalqı Qurban bayramını fərqli ab-havada, mühitdə qeyd edəcək. Artıq xalqımız Zəfər, Qələbə qazanmış, ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin vətəndaşları kimi Qurban bayramını yüksək əhval-ruhiyyədə keçirəcək.

Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Beləliklə, müsəlmanların ən əsas və müqəddəs bayramlarından biri-Qurban bayramına artıq sayılı günlər qalıb.

İkinci ildir ki, biz bayramlarımızı karantin rejimi şəraitində keçirdirik. Son zamanlarda ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarının yumşaldılmasına baxmayaraq bu il də Qurban bayramını epidemiya əleyhinə xüsusi tələblərə riayət olunmaqla keçirməli, sağlamlığımızın qeydinə qalmalı və özümüzlə birgə ailəmizi və yaxın ətrafımızı da qorumalıyıq.”

Femida.az

Açar sözlər:

Oxunub: 410