Polisi döyən deputatı hansı cəza gözləyir? - Vəkildən açıqlama


12:41     30 İyul 2021 21_07_30_1627634553.jpg

Xəbər verdiyimiz kimi, deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi faktı təsdiqlənib. Bununla bağlı araşdırmalar başlanılıb.

Bəs polisi döyən deputatı qanunla hansı cəza gözləyir?

Femida.az məsələ ilə bağlı kiçik araşdırma aparıb.

"Milli Məclis deputatının statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən, deputatın toxunulmazlıq hüququ var.

Həmin maddədə deyilir ki, Azərbaycan Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Sözügedən maddəyə əsasən, deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Bildirilir ki, deputatın toxunulmazlığına Azərbaycan Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Milli Məclisin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

Bəs Azərbaycan Konstitusiyasının 90-cı maddəsi bu barədə nə deyir?

Konstitusiyanın həmin maddəsinin I hissəsində bildirilir ki, səlahiyyət müddəti ərzində Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır:

"Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz”.

90-cı maddənin II hissəsinə əsasən, deputatın toxunulmazlığına aşağıdakı halda xitam verilə bilər:

"Milli Məclisin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Millət vəkilinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər”.

Tanınmış vəkil Roman Qaraşov AZXEBER.COM-a bildirib ki, xəsarətin hansı dərəcədə olması, hadisənin hansı şəraitdə baş verməsi hələ ki, bilinmədiyi üçün hansı cəzanı olacağını demək hələ ki, mümkün deyil:

"Hazırda məlumatlar toplanıb Baş Prokrorluğa göndərilib. Orada xuliqanlıq təkibinin olub-olmaması araşdırılacaq. İndi xəsarətin hansı dərəcədə olması, hadisənin hansı şəraitdə baş verməsi hələ ki, bilinmədiyi üçün hansı cəzanı olacağını demək hələ ki, mümkün deyil. Çünki hadisənin detalları haqda məlumat yoxdur, sadəcə döyülmə faktı var. Döyülməyə görə isə onlarla maddə var. Ona görə də nəticədən asılı olaraq qərar veriləcək. Hələ cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı haqda da qərar yoxdur. İstintaqın gedişatından sonra detallar məlum olacaq”.

Açar sözlər:

Oxunub: 611