Meşə yanğınları ilə bağlı vətəndaşlara çağırış


17:18     05 Avqust 2021 2021/08/1628168739_1628169575.jpg

Ağsunun Gəgəli kəndinin yüksək dağlıq ərazisində başlayan yanğının meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda əməkdaşlarımız da hadisə yerindədir və Fövqəladə Hallar Nazirliyinin və yerli kənd camaatının köməyi ilə yanğının tez bir zamanda söndürülməsi və meşəyə keçməməsi üçün çalışırlar.

İ.İbrahimova bir daha vətəndaşlara müraciət edərək bildirib ki, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətdə olarkən odla ehtiyatlı olsunlar, yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər.

“Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Yay mövsümündə təbiət ərazilərində, meşələrdə yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlı qursaq, yarana biləcək belə fəlakətlərdən qurtularıq”.

Femida.az

Açar sözlər: #yanğın    

Oxunub: 422