Qarabağa qayıdış bu kəndlərdən başlayacaq (SİYAHI)
13:47 19 Avqust 2021
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə keçirilən "Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vurulub. Qarabağın qəsəbə və kəndlərini əhatə edən müsabiqənin qalibləri elan edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Femida.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən "Qədim Qarabağın yenilənən siması” adlı müsabiqəyə yekun vurulub. Hazırki mərhələdə 5 kəndi (Sarıcalı, Şəlvə, Horadiz, Böyük Mərcanlı, Zar) və 1 qəsəbəni (Xudafərin) əhatə edən müsabiqənin hədəfi eyni zamanda gənc memar və layihəçilər arasında istedadların müəyyən edilməsi və onların yanaşmalarının öyrənilməsi, eləcə də təqdim olunan layihələrdə qeyri-standart konsepsiyaların axtarışı idi. Münsiflər heyətinin Komitədə keçirilən iclasında müsabiqənin şərtlərinə cavab verən 21 layihədən ən yaxşıları müəyyən edilib.
Belə ki, münsiflər heyətinin qərarına əsasən təqdim olunan layihələrdən Ağdam rayonunun Sarıcalı, Laçın rayonunun Şəlvə kəndləri üzrə 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər seçilib. Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi və Xudafərin qəsəbəsi üzrə 1 layihə 2-ci yerə, 2 layihə isə 3-cü yerə layiq görülüb. Kəlbəcər rayonunun Zar kəndi üzrə isə yalnız 1 layihə 2-ci yerə layiq olub. Xatırladaq ki, 1-ci yerin sahibinə 5000 manat, 2-ci yerin sahibinə 3000 manat, 3-cü yerin sahibinə isə 2000 manat pul mükafatı, digər iştirakçılara isə diplomlar təqdim ediləcək. Layihələr yaşayış məntəqələrinin mövcud vəziyyətinin analizi, tarixi kontekstlə əlaqələri, orijinallıq, simvolizm, bütövlük, həmçinin uğurlu və peşəkar bədii-qrafik və memarlıq həlləri, vizual təqdimatlar üzrə qiymətləndirilib.
Qeyd edək ki, müsabiqədə əsasən gənc mütəxəssislər iştirak edib və bir sıra maraqlı layihə həlləri irəli sürülüb. Qalib layihələrdə dayanıqlı həyat şəraitinin yaradılmasına, müasir memarlıq həllərinin milli memarlıqla sintezinə, yaşayış məntəqələrinin gələcək texnoloji inkişafının həlledici istiqamətlərinə dair təkliflər əks olunub. Müsabiqədə qalib gələn layihələr kəndlərdə aparılacaq bərpa-quruculuq işlərində nəzərə alınacaq.
Seçilmiş layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.bizimqarabagh.az saytından tanış olmaq mümkündür.
Oxunub: 1193
Oxşar xəbərlər
- Qarabağa icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb
- Qarabağa qayıdan kəndlilərə neçə sot torpaq veriləcək? - PREZİDENT AÇIQLADI
- Qarabağa qayıdışla bağlı sorğu keçirildi - NƏTİCƏLƏR
- Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır
- Qarabağa investisiya qoymaq üçün 90-a yaxın sahibkar müraciət edib
- Qarabağa avtobus reysləri açılacaq
- Qarabağa qayıtmayanlar köçkün statusunu itirəcək - RƏSMİ
- Qarabağa yeni hərbi prokuror təyin edildi
- Qarabağa səyahət etmək istəyən əcnəbilərə XƏBƏRDARLIQ
- Qarabağa qanunsuz gedən Polşa vətəndaşı üzr istədi