Saakaşvili Gürcüstana qayıdır: “Həbsdən qorxmuram”


22:35     06 Sentyabr 2021 2021/09/4e692-1630948422_1630953419.jpg

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrın 2 -nə təyin olunan yerli özünüidarəetmə orqanlarına seçkilərdə Gürcüstana gedəcəyini açıqlayıb.

Femida.az xəbər verir ki, o bu barədə özünün feysbuk hesabında canlı yayımda bəyan edib.

“Demək istəyirəm ki, şəxsən mən Gürcüstanda keçiriləcək bu seçkilərə gələcəyəm və xaricdə yaşayan bütün soydaşlarıma da çağırış etmək istəyirəm: kimin imkanı varsa, seçki günlərində məzuniyyət götürün, işlərinizi təxirə salın, kim edə bilərsə - quru, hava yolu ilə - hamımız Gürcüstana gedək”.

Eks-prezident Gürcüstanda barəsində açılmış cinayət işlərinə də toxunaraq həbsdən qorxmadığını qeyd edib: “Həbsdən qorxmuram, çünki əminəm ki, gürcü xalqı məni və özünü azad edəcək. Mən taleyimi gürcü xalqına həvalə etməkdən qorxmuram”.

Qeyd edək ki, Saakaşvili 2004 -cü ilin yanvarından 2013 -cü ilin noyabrına qədər Gürcüstanın prezidenti olub. 2013 -cü ildə prezidentlik müddətinin bitməsinə bir neçə gün qalmış ölkəni tərk edib. Bundan dərhal sonra onun barəsində 4 cinayət işi açılıb, onlardan ikisinə artıq hökm oxunub. 2018 -ci ilin yanvar ayında Tbilisi şəhər məhkəməsi Saakaşvilini 2006 -cı ildə guya Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvlianinin öldürülməsində qiyabi olaraq üç il həbs cəzasına məhkum edib.

Həmin ilin 28 iyununda Tiflis məhkəməsi 2005 -ci ildə deputat Valeri Qelaşvilinin döyülməsi iddiası ilə Saakaşvilini qiyabi olaraq 6 il həbs cəzasına məhkum edib. Hazırda Saakaşvili Kiyevdə yaşayır və Ukrayna İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsini tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 907