Cəlilabadda mal-qara oğurlayan dəstə saxlanılıb


13:14     11 Sentyabr 2021 21_09_11_1631350212.jpg

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində mal-qara oğurluqları edən 5 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Uzuntəpə və Maşlıq kəndlərindəki ayrı-ayrı təsərrüfatlardan gecə saatlarında iri və xırdabuynuzlu heyvanları oğurlayan Bakı şəhəri Binə qəsəbəsinin sakinləri - İbrahim Nuriyev, Mahir Balakişiyev, Eldar Əsgərov, Cəlilabad rayon sakinləri Maqsud Qəhrəmanov və Kərimov Elgün müəyyən edilərək saxlanılıblar.

Aparılan araşdırmalarla onların müxtəlif təsərrüfatlardan ümumilikdə 2 baş inək, 15 baş qoyun, 1500 manat dəyərində 20 kisə noxud və 1 evdən televizor oğurladıqları müəyyən edilib.

Araşdırmalarla oğurlanan mal-qaranın Bakı şəhərinə aparılaraq müxtəlif ünvanlardakı qəssablara satıldığı müəyyən edilib. Həmin heyvanlardan ikisi aşkarlanaraq sahibinə təhvil verilib.

Hazırda saxlanılan şəxslərin Cəlilabad və digər rayonlarda analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.

Açar sözlər:

Oxunub: 1224