Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydası dəyişir


11:58     15 Sentyabr 2021 gomruk%20odenisler.jpg

Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə təminat verilməsi fakültativ (məcburi olmayan) halı kimi müəyyən edilir.

Femida.az -ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Gömrük Məcəlləsinə görə “daxildə emal” müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur.

Daxildə emal xüsusi gömrük proseduru ilə bağlı məsələlər məcəllənin 197-ci maddəsində tənzimlənib. Belə ki, daxildə emal proseduru altında yerləşdirilən xarici mallar idxal gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir.

Daxildə emal xüsusi gömrük prosedurunda məqsəd xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün xammal və materialların bu prosedur altında gömrük rüsumu və vergilər ödənilmədən ölkəyə gətirilməsini və nəzərdə tutulan müddət ərzində emal edilərək istehsal olunan yeni məhsulun ixracını təşviq etməkdir. Bununla da yerli müəssisələrin, o cümlədən təmir xidməti göstərən bir sıra müəssisələrin səmərəli fəaliyyəti təmin olunur.

Daxildə emal prosedurandan istifadə üçün müraciət edən şəxs gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim etməli və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verməlidir. Yəni, hazırda sahibkarlar malların daxildə emal proseduru altında yerləşdirilməsi ilə bağlı ödənilməli olan bütün gömrük ödənişlərini əhatə edən gömrük təminatını (depozit, bank qarantiyası, sığorta və sair) məcburi olaraq təqdim etməlidirlər. Bu tələb sahibkarlar üçün müəyyən çətinliklər yaradır.

Təklif olunan dəyişiklik daxildə emal xüsusi gömrük proseduru altında malların yerləşdirilməsinə görə təminatın məcburi olaraq təqdim edilməsi tələbinin ləğv edilməsini, həmin prosedurun gömrük təminatının verilməsinin fakültativ halı kimi müəyyən olunmasını (fakültativ halda gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddətdə ödəniləcəyinə əmin olmadıqda təminat tələb edə bilər) nəzərdə tutur.

Qeyd olunanlara əsasən, məcburi olaraq təminatın verilməsi ilə bağlı tələbi nəzərdə tutan 167.3.2-ci maddədən daxildə emal xüsusi gömrük proseduru çıxarılır və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə təminat verilməsinin fakültativ (məcburi olmayan) halı kimi müəyyən edilməsinə dair yeni 167.3-1-ci maddə əlavə edilir.

Açar sözlər:

Oxunub: 464


Oxşar xəbərlər