Tanınmış professor 55 yaşında vəfat edib


10:14     27 Sentyabr 2021 21_09_27_1632721654.jpg

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filalogiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov vəfat edib.

Femida.az xəbər verir ki, o, ötən gün 55 yaşında dünyasını dəyişib.

Universitetdən verilən məlumata görə, mərhum uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirmiş: "B.Xəlilov bu gün evində keçiriləcək vida mərasimindən sonra Sumqayıtda dəfn olunacaq".

Qeyd edək ki, Buludxan Xəlilov 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. 1990-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində "C.Cabbarlı" adına olan yüksək təqaüdlə oxuyub.

Biliyini, bacarığını, həm də elmə olan böyük marağını nəzərə alaraq Müasir Azərbaycan dili kafedrasının, o cümlədən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektorluğunun təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat bölgüsündə gənc mütəxəssis kimi Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında laborant kimi saxlanılıb.

1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor vəzifəsində çalışıb. 2006-cı il may ayının 12-də filologiya fakültəsinin dekanı seçilib. 2011-ci ilin sentyabr ayının 30-da yenidən dekan vəzifəsinə təyin olunub.

B.Ə.Xəlilov 1990-cı ildən məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərib.

Açar sözlər:

Oxunub: 757