"Şəhidlər həm də Prezidentin övladlarıdır" - Şəkli Ali Baş Komandanın əlində olan Şəhidimizin atası


15:15     27 Sentyabr 2021 2021/09/1632741699_1632753207.jpg

Bu gün Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən yürüşdə Ali Baş Komandan İlham Əliyev əlində Vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin şəklini tutmuşdu.

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil İbrahimli 1992-ci il, sentyabrın 9-da Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2008-ci ildə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2015-ci ildə hərbi məktəbi bitirərək, leytenant rütbəsini alıb. Sonra Təlim-Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-yə qəbul olunan Adil orada fəaliyyət göstərdiyi zaman Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.



Ailəsinin ortancıl övladı olan Adil uşaqlıqdan vətənpərvərliyi və dini inancı ilə yaşıdlarından seçilib. Onun ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək idi. Elə 44 günlük Vətən müharibəsində də Adil İbrahimli öz igidliyi, göstərdiyi qəhrəmanlıqları ilə seçildi, arzusuna çatdı. O, Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda vuruşub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Oğlunun şəklinin Ali Baş Komandanın əlində olmasından qürur duyan atası Asəm İbrahimli Azvision.az-a açıqlamasında şəhidlərin həm Prezidentimizin, bütün Azərbaycanın oğulları olduğunu deyib: “Vətən sağ olsun! Sağ olsunlar, Şəhidlərimizi yüksəkdə tuturlar. Prezident İlham Əliyevə oğlumun şəklini əlində tutduğu üçün minnətdaram, qürur duyuram. Biz Adilin şəklinin ön sıralarda olacağını bilirdik, amma Prezidentimizin onu tutacağını bilmirdik. Bu, çox qürurlu bir an idi. Ali Baş komandana təşəkkür edirəm”.

Vətən müharibəsində ön xətdə olan, düşmənə qan udduran Adil İbrahimli ailəsi ilə sonuncu dəfə oktyabrın 30-da danışıb. O, atasına hər şeyin yaxşı olduğunu, tezliklə qalib gələcəyimizi deyib.
- Müharibə zamanı Adillə iki dəfə danışdıq. Birincisi oktyabrın 20-də idi. Onda həyat yoldaşının qardaşı Elton Qənbərli şəhid olmuşdu. Xəbərin düzgünlüyün bizdən soruşurdu. “Vətən sağ olsun” dedi. İkinci dəfə isə oktyabrn 30-da danışdıq. Dedi ki, “ata, işlərmiz yaxşıdır. Təlimlərimiz yaxşı gedir”. Heç vaxt "döyüş" deməzdi. Tezliklə gələcəyini deyirdi. O, Orduda, Hikmət müəllimin yanında elə bir tərbiyə almışdı ki, heç nəyi bizimlə blüşməzdi. Onların qolunu, başını da kəssən deməzdi, hara gedirlər. Neçə müddət təlimlərdə oldu, bir dəfə demədi ki, döyüşə gedirik. Elə də olmalı idi. Çünki mən onu 8-ci sinifdən dövlətə vermişdim. Dövlət onu yedizdirib, geyindirirdi. Bu gün elə övladlar dövlətimizə lazımlı, gərəkli olduqlarını sübut etdilər. Həmin oğulların sayəsində 30 illik həsrət sona çatdı,- Şəhidimizin atası deyib.



Asəm İbrahimli özü də I Qarabağ Müharibəsi qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. Deyir ki, Adilin uşaqlıqdan hərbiyə marağı var idi. Atasının yolunu davam etdirmək istəyirdi: "Mən fəxr edirəm ki, Vətən üçün elə bir oğul böyütmüşəm. 1988-ci ildən bu günə qədər şəhid olan Adil kimi igidlərin ruhları şad olsun! Adil barədə hər zaman gözəl sözlər deyilirdi. Hikmət müəllimlə görüşəndə mənə dedi ki, “Sağ ol ki, belə igid böyütmüşdün”. Döyüş yoldaşları onun igidliyindən danışırdı. Deyirdilər ki, Adil döyüş meydanında kiminsə yaralı qalmasını istəməzdi. Eşidəndə ki, kimsə yaralı qalıb, gecə ilə gedib onu çıxarardı, gətirib xəstəxanaya verərdi. Mən Adil haqqında bundan sonra yaşayacağım qədər də danışsam, azdır. Adil belə igid oğlan idi”.



Açar sözlər:

Oxunub: 292