Paytaxtda niyə tıxac olur? - Açıqlama


16:34     01 Oktyabr 2021 2021/10/IMG-2-8165456465_1633095901.jpg

Son vaxtlar pandemiya səbəbindən, o cümlədən ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən bəzi məhdudiyyətlər nəticəsində Bakı şəhərində avtomobilləşmə səviyyəsi və şəxsi minik avtomobillərindən istifadənin artması müşahidə edilir. Bu da onsuzda dolu olan Bakı küçələrində pik saatlarda tıxacların yaranmasına gətirib çıxarır.

Bakı Nəqliyyat Agentliyindən Femida.az -a verilən məlumata görə, eyni zamanda əksər iş və xidmət sahələrində fəaliyyətin bərpa edilməsi və təhsilin bütün pillələri üzrə əyani tədrisə keçid gündəlik səyahət saylarını əhəmiyyətli dərəcədə artırıb.

Sıxlıq halları paytaxtda müşahidə edilən yağıntılı hava şəraitilə də əlaqədardır. Müxtəlif ərazilərdə yaranan lokal subasma halları süni sıxlıq və tıxac halları ilə nəticələnib. Sentyabrın 29-u səhər saatlarında Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolun Bağırov körpüsündən keçən hissəsinə yaxın yerdə subasma halına görə hərəkət tam dayanıb. Nəticə etibarı ilə metronun “Koroğlu” stansiyasından şəhər istiqamətində 2-3 km məsafədə tıxac yaranıb.

Həmçinin, tıxacın yaranmasına səbəb olan bir sıra digər amillər də var. Təhlillər onu göstərir ki, xüsusən də mərkəzi küçələrdə yolayırıcını keçmə qaydaları-sarı kəsişmə toru nişanlanmasının tələbləri pozulur. Hər hansı bir kəsişmədə qeydə alınan klidlənmə ətraf yollarda və digər kəsişmələrdə də hərəkəti çətinləşdirir. Bir neçə sürücünün qaydaları pozması yüzlərlə insasn lüzmsuz yerə tıxacda vaxt itirməsinə, əsəb və stres keçirməsinə səbəb olur.

Digər bir amil qanunsuz parklanmalardır ki, Agentlik tərəfindən buna qarşı ciddi mübarizə tədbirləri aparılır. Xüsusən də, avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi sıxlıqların yaranmasına səbəb olur.

Səbəblər sırasında qeyri-formal sərnişindaşımalar da qeyd olunmalıdır. Bu cür fəaliyyətlə məşğul olan sürücülər avtomobillərini əsasən avtobus dayanacaq məntəqələrində, ikinci hərəkət zolağında, kəsişmələrdə və digər qadağan olunan yerlərdə park edərək ümumi nəqliyyat axınına maneə yaradırlar.

Qeyri-formal daşımalar həmçinin yollarda nəqliyyat axınını süni şəkildə artırır. Yəni bir istiqamətdə iritutumlu avtobusla gedəcək sərnişinlər səyahətlərini beş-altı minik avtomobilləri ilə edirlər ki, bu da yollarda əlavə ləngimələr yaradır. Süni sıxlıq halları bir çox hallarda sərnişinlərin qeyri-formal daşımalardan istifadəsini təşviq etmək üçün məqsədli təşkil edilir.

Süni sıxlıq və tıxac yaradan məqamlardan biri də gün ərzində baş verən yol nəqliyyat hadisələri, nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalması hallarının çoxluğudur.

Bəzi hallarda yol infrastrukturunda olan çatışmazlıqlar, o cümlədən də butulka effektləri də sıxlıq və tıxac hallarına səbəb olur. Bu məsələlərin hər biri diqqətdə saxlanılır, aradan aldırılması istiqamətində qısa və uzun müddətli tədbirlər icra edilir.

Son günlər müşahidə olunan vəziyyət bir daha avtobus zolaqların artırılması və bir şəbəkə formasında təşkilinin zərurililiyini göstərir. Eyni zamanda digər avtomobil sürücülərinin bu zolaqların tələbinə riayət etməsinə nəzarət də gücləndirilməlidir. Bu həm gün ərzində iki milyon yarımdan çox ictimai nəqliyyat istifadəçisinin rahatlığı və tıxacda qalmaması həm də şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından vacibdir.


Femida.az

Açar sözlər: #BNA   #Sıxlıq    

Oxunub: 4100