Xırdalanda 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı davaya görə hökm oxunub


17:48     07 Oktyabr 2021 21_10_07_1633612879.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalanda iki nəfərin ölümündə, bir neçə nəfərin isə ağır yaralanmasında təqsirləndirilən Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bahadır Əliyev isə xuliqanlıq ittihamı ilə 3 il 6 ay həbs cəzası alıb.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında Xırdalan şəhərinin Mirzə İbrahimov küçəsində qeydə alınıb. Dava zamanı bir neçə şəxs xəsarət alıb. Hadisə zamanı Məmməd Məmmədov və Həsən adlı şəxs yerindəcə keçinib. 29 yaşlı Tural Quliyev və 29 yaşlı Həsənəliyev İlqar Yaşar oğlu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, kütləvi davada qarşı tərəfdə olan Tural Quliyev, Yaşar Mövsümov və Rəvan Mirzəyevin məhkəmələri davam edir. Yaxın günlərdə onlar barəsində də məhkəmə hökmü çıxarılacaq.

Açar sözlər:

Oxunub: 848