Şəhid Təbriz İbrahimovun xatirə bulağının açılışı olub


23:30     08 Oktyabr 2021 2021/10/IMG-20211008-WA0027_1633721474.jpg

44 günlük Vətən Müharibəsinin qəhrəman igidi, şəhid Təbriz İbrahimovun xatirəsinə tikilmiş bulağın açılışı olub.

Femida.az xəbər verir ki, Şəhidin doğulduğu Salyan rayonu,Çadırlı kəndində baş tutan açılışda Təbriz İbrahimovun yaxınları,rayon ictimaiyyəti iştirak edib. Açılışda onun yaxınları şəhid haqqında xatirələrini bölüşüb.

Xatırladaq ki, Təbriz İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub.

Orta məktəbini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Təbriz hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Sonuncu dəfə 28 sentyabr tarixində əlaqə saxlayıb. Zəngində mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu söyləyib.

Çox qan itirdiyini və halsızlaşdığını da əlavə edib.Təbriz İbrahimov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Təbriz İbrahimovun nəşi 19 may 2021-ci ildə tapılmış və 20 may 2021-ci ildə II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.




Açar sözlər:

Oxunub: 588