Üçüncü dünya müharibəsi realdırmı?


13:58     09 Oktyabr 2021 2021/10/18A6D4D3-00C2-4C89-B95F-3882875CEAA6_1633773543.jpeg

“The Sun” qəzeti üçüncü dünya müharibəsinin 4 istiqamətdə başlaya biləcəyinə dair məqalə yayımlayıb. Məqalə müəlliflərinin fikrincə, yeni dünya müharibəsi Tayvan adasında, Hindistanla Pakistan arasında Kəşmir uğrunda, Hörmüz boğazı üzərində nəzarət uğrunda və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər.

Yeni dünya müharibəsi ehtimalının artmasını
Femida.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Hindistanla Pakistan hər ikisi nüvə silahına malikdir. Bu iki dövlət arasında münasibətlərdəki gərginlik yarandıqları tarixdən davam edir, aralarında müharibələr də olub və Kəşmir ixtilafı da bu günə qədər həllini tapmayıb.

- Buna baxmayaraq, Dehli və İslamabad “qırmızı çizgiləri” aşmamağa çalışırlar, gərginlikdən sonra təmaslara da baş vururlar. Yəni hər iki dövlət müharibə ehtimalını azaltmaq üçün dialoq imkanlarından imtina etmirlər.

İran zaman-zaman Hörmüz boğazını bağlayacağına dair açıqlamalar səsləndirir. Bu çağırışlar Hörmüz boğazından neft daşıyan ərəb ölkələrini və ABŞ-ı narahat edir. Ancaq bu vaxta qədər Tehran boğazı bağlayacaq qədər riskli addım atmayıb. Çünki rəsmi Tehran bunun İrana baha başa gələcəyini anlayır. Bu baxımdan üçüncü dünya müharibəsinin Hörmüz boğazından başlaya biləcəyi ehtimalı da yüksək deyil. Buna baxmayaraq, İranın nüvə çalışmalarını davam etdirməsi və ABŞ-la İsrailin bundan ciddi narahat olması bölgədə müharibə riskini azaltmır.



O ki qaldı nüvə silahına malik Şimali Koreyaya, ekspert deyir ki, bu ölkə qapalıdır və onu avtoritar rejim idarə edir. 70 ildən çoxdur Şimali Koreyanı idarə edən ailə zaman-zaman Amerikanı və qonşusu Cənubi Koreyanı nüvə silahıyla hədələsə də, son anda onlar da dialoqa üstünlük veriblər.

- Əlbəttə, nüvə silahına sahib avtoritar ölkənin hansı addım atacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir, ancaq Pxenyan qonşusuna nüvə silahı atarsa, Amerika Şimali Koreyanı yox edəcək . Başqa dövlətlərin nüvə silahını birinci işlədən Şimali Koreyanın köməyinə tələsəcəyini söyləmək çətindir.

Regional və qlobal müharibənin Tayvan adasıyla bağlı olacağı ehtimalı daha yüksəkdir. Çin bu adanı ələ keçirməyə çalışır. ABŞ isə adanı qoruyur və işğal baş verərsə, Vaşinqton Çinə qarşı cavab aksiyası həyata keçirmək məcburiyyətində qalacaq. Bu savaşda Amerikanın müttəfiqləri – Hindistan, Avstraliya və Yaponiya da seyrçi qalmayacaqlar. Çünki, Çinin Tayvanı ələ keçirməsi bu 3 ölkənin təhlükəsizliyinə də ciddi xələl gətirəcək. Çinin müttəfiqləri çox deyil, strateji tərəfdaşı Rusiya isə uzaq Tayvan adasında Amerikaya qarşı müharibəyə başlamayacaq. Buna baxmayaraq, Tayvan uğrunda Pekin-Vaşinqton qarşıdurması və regional müharibəsi Kremli çətin seçimə sürükləyəcək.


Femida.az

Açar sözlər: #Dünya-Müharibəsi   #Çin   #ABŞ   #Tayvan   #Nüvə   #İran    

Oxunub: 460


Oxşar xəbərlər