İranın ilk prezidenti vəfat edib


14:36     09 Oktyabr 2021 2021/10/BE33F5B2-7902-4BB7-B20F-76541F832B60_1633775333.jpeg

İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Banisədr vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

1980 -ci ildə prezident seçilən Banisədr 88 yaşında Parisdəki Salpetrier xəstəxanasında dünyasını dəyişib. Onun ölüm səbəbini açıqlamayıb.

Xatırladaq ki, 1979-cu ildə ölkədə Məhəmməd Rza Pəhləvinin (1941-1979) başçılıq etdiyi şah monarxiyasının devrilməsi nəticəsində İran İslam Respublikası quruldu. İranın Ali lideri olan Ayətullah Xomeyninin başçılıq etdiyi şiə ruhanilərinin elitası hakimiyyətə gəldi. Banisədr Xomeyninin silahdaşı idi və inqilab qurumlarında bir çox yüksək vəzifələrdə çalışdı. O, İslam İnqilabı Şurasının üzvü olub, sonra müavin təyin edilib, iqtisadiyyat, maliyyə naziri, eyni zamanda xarici işlər naziri vəzifəsində çalışıb. İranın ilk konstitusiyasının hazırlanmasında da iştirak edib.

Banisədr 25 yanvar 1980-ci ildə 76,5% səslə prezident seçilib. Lakin 1980-ci ildə başlayan İran-İraq müharibəsi səbəbiylə Xomeyni Banisədri ölkəyə və hərbi əməliyyatlara rəhbərlik edə bilməməkdə günahlandırdı, onun Ali Baş Komandan səlahiyyətlərini əlindən aldı. 1981-ci ilin iyununda parlament, "İslam din xadimlərinə qarşı yönəlmiş fəaliyyətinə görə" ona qarşı impiçment elan etdi. Sonra Xomeyni Banisədri prezidentlik səlahiyyətlərindən məhrum edən fərman imzaladı. Bundan sonra Banisədr bir sıra digər siyasətçilərlə birlikdə İrandan mühacirət etdi.


Femida.az

Açar sözlər: #İran   #Prezident    

Oxunub: 564