Prezident: "Ermənilər Azıx mağarasına böyük ziyan vurublar”


13:57     10 Oktyabr 2021 2021/10/34C23A5F-D2A4-4AC2-8620-4CF6A1C8214F_1633859368.png

Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir.

Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Ermənilərin Azıx mağarasını da erməniləşdirmək cəhdlərindən danışan dövlətimizin başçısı deyib: “Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar”.

Prezident çıxışı zamanı tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət edib. “Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək”, - deyə Prezident İlham Əliyev əlavə edib.


Femida.az

Açar sözlər: #Azıx   #Xocavənd   #Prezident    

Oxunub: 542