Dövlət Dəniz Agentliyinin səlahiyyətləri artırıldı: müsbət yeniliklər və ilklər gözlənilir


20:10     11 Oktyabr 2021 2021/10/1EC90ACB-B059-407B-A5D6-A8DC61E80D3D_1633968999.png

Dövlət başçısının Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Dəniz Agentliyinin və həmin Agentliyin tabeliyindəki qurumların əsasında vahid qurum olaraq Dövlət Dəniz və Liman Agentliyi publik hüquqi şəxsi yaradılıb.

Agentliyin adı dəyişməklə bərabər həmin qurumun fəaliyyət istiqamətləri genişləndirilərək səlahiyyətləri artırılıb. Belə ki, dəniz nəqliyyatı sahəsində tənzimləməni və nəzarəti həyata keçirən Agentlik, həm də dəniz limanlarında da dövlət nəzarətinin təmin edilməsi üçün tədbirlər görəcək.

Bununla yanaşı, sözügedən publik hüquqi şəxs gəmilərin təhlükəsiz hərəkətinin idarə edilməsini, gəmilər və limanlar tərəfindən ərazi sularında üzmə qaydalarının tələblərinə riayət olunmasını, habelə dəniz nəqliyyatı sahəsinə aid olan obyektlərin texniki göstəricilərinin Beynəlxalq Konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasını təmin edəcək.
Agentlik eyni zamanda gəmilərin qeydiyyatını və onların yoxlanmasını həyata keçirəcək, limanları fəaliyyətə başlamaq üçün yoxlayacaq və beynəlxalq müqavilələrə uyğun sənədlər verəcək.

Ümumiyyətlə dəniz nəqliyyatı sahəsində vahid qurumun yaradılması nəticəsində, Agentlik nəinki dəniz üzgüçülüyünün təhlükəsizliyi, dəniz ətraf mühitinin mühafizəsi və dənizçilərin hazırlanması sahəsində tədbirlər görəcək, həm də bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə də işlər yerinə yetirəcək.




Femida.az

Açar sözlər:

Oxunub: 269