İlham Əliyev: “İrəvanın Ermənistana verilməsi böyük səhv idi”


04:34     28 May 2015 1d9abef8dabebcfcbb80097bbc693350.jpg


“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində deyib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu gün səhər mən o abidəni ziyarət etdim”, dövlət başçısı qeyd edib. Prezident bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu olub: “Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi.Dövlət quruculuğu prosesi başlamışdı. Demokratik institutlar təsis edilmişdi. Siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Eyni zamanda, əfsuslar ki, itkilərimiz də olmuşdur. Onların içində ən böyük itkimiz İrəvanın Ermənistana verilməsi olmuşdur. Bu, sağalmayan yaradır. Əlbəttə, biz tarixi həqiqətləri bilməliyik. Əfsuslar ki, tarix yaşlı nəslə təhrif edilmiş şəkildə təqdim olunurdu. Biz oxuduğumuz tarix kitablarında tarixi həqiqətləri görmürdük. Ona görə, bəzi qaranlıq məqamlar da olmuşdur. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyaya açıqdır. Bu gün bütün tarixi həqiqətlər hər bir Azərbaycan vətəndaşı üçün bəllidir, artıq sirr deyil. İrəvanın Ermənistana verilməsi əlbəttə ki, böyük səhv idi. Əfsuslar olsun ki, bu addım gələcəkdə Azərbaycana yönəlmiş erməni işğalçı siyasətini dayandırmamışdı”.

Prezident İlham Əliyev deyib ki, əgər iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi:

“Ondan sonra sovet dövrü başlamışdır. Sovet dövründə həm müsbət, həm mənfi tərəflər var idi. Hesab edirəm ki, bizim alimlər sovet dövrünü də və Azərbaycanın rolunu da daha geniş şəkildə təhlil etməli, sanballı elmi əsərlər təqdim edilməlidir. Necə ki, vaxtilə mənim məsləhətimlə alimlərimiz İrəvan xanlığı haqqında çox dəyərli, tarixi həqiqətə əsaslanmış elmi əsər yaratmışlar”.

Açar sözlər:

Oxunub: 934