Erməni döyüşçülər bir-birini ifşa etdi: "General və polkovniklərimiz fərari idi"


17:41     18 Oktyabr 2021 2021/10/FE3F343B-F987-4466-95B7-2B29ADF8D393_1634566398.png

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistanda gərginlik səngimir. Siyasi-iqtisadi böhranla yanaşı ölkədə sosial problemlər də pik həddə çatıb.

Femida.az xəbər verir ki, yerli media cəmiyyətdə aqressiyanın artdığını, keçmiş döyüşçülərin bir-birinə qarşı ittihamlarının isə dözülməz həddə çatdığını yazırlar.

Məsələn müharibə iştirakçısı Matsak Vardanyan bu yaxınlarda 44 günlük müharibə ilə bağlı yuxarı komandanlıq haqqında mənfi fikirlər səsləndirib. O, döyüş meydanından qaçan general və polkovniklərin adını açıqlayıb. Onlardan biri də "Aramazd" dəstəsinin komandiri Koryun Qumaşyan olub. Bu gün jurnalistlər Qumaşyandan "necə oldu ki, mövqeləri tərk edib yoxa çıxdınız və əsgərlər başsız qaldı?" sualını veriblər. Maraqlıdır ki, Qumaşyan da eyni ittihamı keçmiş döyüşçüyə qarşı səsləndirib.

- Mən qaçmadım. Döyüşdən qaçan o idi. İndi adını təmizə çıxarmaq üçün özündən nağıl uydurur. Matsak dəyişdirilməsiniy gözləmədən postu özbaşına tərk edib -, polkovnik Qumaşyan deyib.

Bildirilir ki, Matsak Vardanyan Qumaşyanın yaratdığı "Tigran Mets" hərbi məktəbinin "kursant"larından biri olsa da, buranı bitirə bilməyib.

- Məlum olur ki, Matsak Vardanyan hökumət mükafatı almamasından incik düşüb . Qarabağ rəhbərliyi(Keçmiş separatçı rejim-red.) medal üçün "Aramazd" dəstəsinin döyüşçülərinin siyahısını tutanda Matsakın adı bu siyahıda yox idi.

Müharibə cinayətkarlarından olan komandir deyir ki, postdan qaçan adam necə mükafatlandırıla bilərdi?

- Düzdür, bu doğru xəbərdir ki, o döyüşüb. Amma mövqeyini özbaşına tərk etdi. O da oğurladı, evlərə girdi, maşının açarlarını götürdü... Bir də ki, siyahıdakı adlar məclisin qərarı ilə yazılmışdı. Polis isə keçən ilin dekabrında məndən Matsak haqqında maraqlanmışdı. 2021 -ci ilin fevral ayında onun harada olduğu araşdırıldı. Həqiqətən Matsakın yerini bilmirdim. Amma düşünürdüm ki, onu oğurluq və ya buna bənzər bir şeyə görə axtarırlar. Bəlkə də cinayət işi məhz bu cür əməllərə görə qaldırılıb, onun uydurduğu guya hansısa bir türkün başının kəsilməsinə görə yox. Matsak cəmiyyətin fikrini fərqli yönə istiqamətləndirməyə çalışır. Özünü qurban, məni isə müharibədən qaçan bir polkovnik kimi təsvir edir. Bu üsul işləməyəcək-,Qumaşyan deyib.

Erməni komandir əminliklə bildirib ki, Matsaka böhtan və uydurmaları yaydıran "müəllimi" var.

- Adını çəkmayəcəyəm, amma bir nəfər var ki, onun oğlu döyüşə göndərilmişdi. Uşaq heç vaxt başını səngərdən qaldırmadı, döyüşməkdən qorxurdu. Müharibədən sonra atası yanıma gəldi və oğluna niyə hədiyyə verməməyimin izahını istədi. Qorxaqlara medal verilmədiyini başa saldım. İndi ikisi də məndən qisas almağa çalışır.

Xatırladaq ki, iyunda müsahibə verən Qumaşyan Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 hektar ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada ələyhinə mina basdırdıqlarını etiraf etmişdi.

Azərbaycan isə Gəncə hərbi prokurorluğunda məlum cinayət əməlinə görə erməni polkovnikə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladaraq onun adını beynəlxalq axtarışa verdi.

Femida.az

Açar sözlər: #Ermənistan   #Fərari   #General   #Medal    

Oxunub: 455