Ukraynalı deputatlar: "Qarabağda gördüklərimizi unutmayacağıq"


22:31     18 Oktyabr 2021 2021/10/1C819EBB-4B01-4122-818F-85F128325B4E_1634605133.png

İldırımsürətli müharibənin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan bu müharibəyə ancaq modern Silahlı Qüvvələrini yaratmaqla deyil, mükəmməl informasiya təhlükəsizliyi konsepsiyası ilə hazırlaşıb. Biz işğaldan azad edilmiş Ağdam rayonunda qorxunc, heç vaxt unuda bilməyəcəyimiz mənzərə ilə yanaşı, Azərbaycan dövlətinin qurmaq, yaratmaq iradəsini gördük.

Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan parlamenti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.

Müstəqilliyin Bərpası Günündə Azərbaycanda olmaqdan və bu günü Azərbaycan xalqı ilə birlikdə qarşılamaqdan məmnunluğunu bildirən Kolyux uzun illər işğal altında qalmış ərazilərin azad edilməsini möhtəşəm hadisə adlandırıb. Ağdamda gördükləri ilə bağlı təəssüratlarını bölüşən ukraynalı deputat deyib: “Qarabağa səfərimiz çərçivəsində Ağdam şəhərində xarabalıqların şahidi olduq. Gördük ki, işğalçı qüvvələr orada hər şeyi dağıdıb-söküb, əraziləri minalayıb. Bununla belə, Azərbaycan tərəfindən görülən bərpa-quruculuq işləri bu torpaqların xoş gələcəyinə ümidimizi artırdı”.

Ukrayna parlamentindəki “Xalqın xidmətçisi” fraksiyasının təmsilçisi Lyudmila Marçenko Ağdamda gördüklərinin təsirindən tezliklə çıxa bilməyəcəyini söyləyib. O deyib: “Çünki orada gördüklərimiz Ukrayna üçün nəticə çıxarmalı nümunələr idi. Bu, qorxunc müharibə ilə bərabər, güclü, qurucu Azərbaycan dövlətinin iradəsini göstərirdi. Biz Azərbaycanın nələrin hesabına ərazi bütövlüyünü bərpa etdiyinin şahidi olduq”.

Ukrayna Parlamentinin Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların miqyasına baxmayaraq, orada aparılan tikinti və quruculuq işlərinin miqyası məhv edilmiş yerlərin qısa müddətdə müasir yaşayış məntəqəsinə çevriləcəyini deməyə əsas verir.



Femida.az

Açar sözlər: #Ukrayna    

Oxunub: 1366