Keçmiş polis serjantından nazirliyə qarşı - İDDİA


18:34     08 Yanvar 2016 12511771_932743733469428_1208389749_n.jpg

Bakı şəhər sakini Qırxlarov Aydın Qəhrəman oğlu tərəfindən Femida.az-a müraciət daxil olub.



Keçmiş polis əməkdaşı keçirdiyi avtomobil qəzasından sonra xidmətə yarasız olduğundan polis sıralarından uzaqlaşdırılıb. Onun sözlərinə görə, 24.04.2014-cü il tarixində şəxsi maşını ilə işdən icazə alıb, evə gedərkən qəzaya düşüb. Bir müddət komadan qaldıqdan sonra o müalicə olunduğu xəstəxanada ayılıb.


A.Qırxlarovun sözlərinə görə həmin hadisə ilə bağlı iş məhkəmədədir.

“Hadisəni törədən şəxs əslində başqa adamdır. Ancaq o maraqlı şəxslər tərəfindən gizlədilib. 2015- ci ilin dekabrında Ali Məhkəmə Bakı Apellyasiya məhkəməsinin çıxardığı qərarı ləğv etdi və iş baxılması üçün yenidən Apellyasiya məhkəməsinə göndərilib.Burada da mənim işimə baxan yoxdur. Ali Məhkəmənin hökmünü belə saymırlar. Məni maşınla vuran başqa adamdır. Amma, heç hadisəyə dəxli olmayan bir adamı tutub, gətirdilər.Adı Talıbov Miryusif idi. Onun da ürəyi məhkəmədə partlayıb, öldü. İndi bir oğlu var. O, məhkəməyə gəlir. Mən məhkəməyə bildirmişəm ki, bu şəxs məni maşınla vurmayıb. Amma şikayətimə baxan yoxdur. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məsələni yenidən araşdırsınlar.”

Keçmiş polis əməkdaşı həmçinin xidmətdən xaric olunan zaman ona ödənilməli olan təzminatı da ala bilmədiyini deyib. Onun iddialarına görə, xidmət etdiyi DİN-in Çevik Polis Alayından ona verilməli olan pulu hələ də ala bilməyib. Bununla bağlı müraciətlər etsə də, hələki bir nəticə yoxdur.

Femida.az vətəndaşın iddiaları ilə bağlı DİN-in mətbuat xidmətinə sorğu göndərib. DİN-dən sorğumuza cavab olaraq bildiriblər ki, Qırxlarov Aydın Qəhrəman oğlu 05.12.2014- cü il tarixdə DİN-in Çevik Polis Alayından 421 ş/h nömrəli əmri ilə “səhhətinə görə” azad olunub.

“DİN-in Tibb İdarəsinin Xüsusi Həkim komissiyasının Xəstəlik haqqında şəhadətnaməsində A.Qırxlarovun 22.04.2014- cü il tarixdə xidmətlə əlaqəsi olmayan qəzada travma alması göstərilmiş, barəsində “Travma və xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” qərarı verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 13.01.2015- ci il tarixli 075411 nömrəli müayinə aktından çıxarışa əsasən A.Qırxlarova DİO-da xidmətkeçmə dövrü ilə əlaqədar olaraq 2-ci qrupu əlillik verilib.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54 III –Q Qanunun 20.16.2 maddəsinə əsasən xidməti vəzifəni yerinə yetirməklə bağlı olmayan DİO-da xidmətkeçmə dövründə alınmış xəstəliyə görə verilmiş 2-ci qrup əlilliyi nəzərə alınaraq müvafiq təminat xərcliyinin 55 faizi hesabı ilə A.Qırxlarova pensiya təyin edilməsi üçün tərtib edilmiş Məlumat Vərəqi Dövlət Müdafiə Sosial Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə bağlı iş deportamentinə göndərilib.

A.Qırxlarova xidmətdən xaric olunarkən təzminat ödənişinin verilməməsi ilə bağlı iddiaya cavab olaraq bildirik ki, onun xidmətdən təxris olduğu müddətdə vəzifə və rütbə maaşlarının beş aylıq məbləğində 2645 (vəzifə maaşı - 429 manat, rütbə maaşı- 100 manat: (429+100) X 5 = 2645) manat ödəniş verilib.”

DİN-in rəsmi cavabından sonra vətəndaş Aydın Qırxlarov qeyd edilən bu ödənişin ona ödənilmədiyini və bu barədə onda məlumat olmadığını bildirib.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7353