Daha iki dəmir yolu xətti yenidən qurulur


15:26     21 Oktyabr 2021 2021/10/6C8972E6-FB20-4499-ABC0-96ECF09C4485_1634820005.png

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması işlərini davam etdirir.

Qurumdan Femida.az -a verilən məlumata görə, yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək.

Həmçinin yol üzrə 114 ədəd süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Hazırda dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilməkdədir.


Femida.az

Açar sözlər:

Oxunub: 385