Ötən gün “COVID-19” pasportu olmayan 216 nəfər toya buraxılmayıb


13:25     23 Oktyabr 2021 21_10_23_1634977986.jpg

Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 75 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, monitorinq 67 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 216 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

“Analoji tədbirlər polis və digər dövlət qurumları tərəfindən mütəmadi olaraq davam etdiriləcək. Şənlik mərasimlərinin təşkilatçılarını, eləcə də ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq”, - məlumatda deyilir.

Açar sözlər:

Oxunub: 1356