Qiymətli kağızlar bazarında yeni qaydalar


21:22     08 Yanvar 2016 693ab7ed-a368-4786-af71-34f33e45b001.jpg

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”ı təsdiq edib. Femida.az-ın məlumatına görə, Azərbaycanda marja ticarəti bu Qaydalara, fond birjasının daxili qaydalarına və investisiya şirkəti ilə müştəri arasında bağlanmış müqaviləyə uyğun tənzimlənəcək.


İlkin marja baza aktivinin alışı üçün əməliyyat dəyərinin müştəri tərəfindən investisiya şirkətinə nağd ödənilən minimum məbləğ, təminat marjası baza aktivinin alışından sonra müştəri tərəfindən investisiya şirkətinə ödənilən və ticarət gününün sonuna yekun qiymətə uyğun olaraq baza aktivinin cari bazar dəyərinin faizlə hesablanan minimum məbləğdir. Baza aktivi qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləridir. Marja çağırışı təminat marjasının minimum həddinə çatdırılması məqsədilə əlavə pul vəsaitinin qoyulması barədə investisiya şirkəti tərəfindən müştəriyə edilən tələbdir. Fond birjası - “Qiymətli kağızlar bazarı haqqında” qanuna əsasən lisenziyalaşdırılan və ya xarici ölkələrin qanunları ilə müəyyən edilmiş qaydada fəaliyyət göstərən hüquqi şəxsdir. Marja ticarətinin təşkil edilməsi məqsədi ilə qurulan elektron sistemə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin birbaşa çıxışı təmin olunmalıdır. İnvestisiya şirkəti hər hansı müştəridən əldə etdiyi vəsaitləri digər müştərilər üçün marja əməliyyatları aparmaq və ya öz məqsədləri üçün istifadə etməməlidir. İnvestisiya şirkəti özünün rəhbər şəxslərinin və ya digər əməkdaşlarının, habelə onların yaxın qohumları (əri (arvadı), övladları, övladlığa götürülənləri, valideynləri, övladlığa götürənləri, bacı və ya qardaşları, onların övladları) olan müştərilər üçün marja əməliyyatlarını həyata keçirə bilməz. İnvestisiya şirkəti müştəriyə hesablarda marja kəsiri yaratmayacaqsa və ya mövcud marja kəsirini artırmayacaqsa, baza aktivinin cari bazar dəyərinin 10 faizindən artıq deyildirsə marja hesabına daxil edilən faizlərin, dividendlərin və ya digər gəlirlərin hesabdan geri götürülməsinə icazə verir. İnvestisiya şirkəti marja ticarəti üçün istifadə olunan vəsaitlərin təfsilatlarını (mənbələr daxil olmaqla) əks etdirən ayrıca uçotu aparmalıdır.

Fond birjasında qiymətli kağızların altı aydan çox müddətdə listinqdə olması, ticarətə qəbul olunan qiymətli kağızların sayının 10000-dən çox olması, qiymətli kağızların son altı ay ərzində ticarət həcminin, orta aylıq ticarət həcminə (bazarda cəmi ticarət həcminin müvafiq ayların sayına bölünməsi) bərabər və ya ondan çox olması, fond birjasının daxili qaydalarına əsasən ticarət günlərinin sayının həmin qiymətli kağızların fond birjasında listinqdə olan ticarət günlərinin sayının 80%-nə və ya daha çox hissəsinə bərabər olması, fond birjasının daxili qaydalarına əsasən riskli qiymətli kağız kimi təyin olunmaması, delistinq prosesində olmaması hallarında bu qiymətli kağızlar marja ticarətinin baza aktivi kimi qəbul edilir. Fond birjası müntəzəm olaraq marja ticarəti üçün uyğun olan qiymətli kağızların siyahısını öz internet səhifəsində açıqlayır. Azərbaycan Respublikası ərazisində marja ticarəti üzrə qəbul edilən sifarişlər üzrə əməliyyatlar xarici ölkələrin fond birjalarında həyata keçirildikdə marja ticarətinə dair tələblər həmin ölkənin müvafiq qanunları və ya fond birjasının daxili qaydaları ilə müəyyən edilir. Marja ticarəti vasitəsilə repo əməliyyatları (qiymətli kağızları satan tərəfin onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürməsi) həyata keçirilə bilməz. Müştərilərə marja ticarəti xidmətini göstərmək istəyən investisiya şirkəti Komitə tərəfindən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, marja ticarəti və müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi xidmətlərini həyata keçirmək üçün verilən lisenziyaya malik olmalı, xarici fond birjasında marja ilə ticarət etmək istəyən investisiya şirkətinin həmin fond birjasına birbaşa və ya dolayı yolla çıxışı olmalıdır.

Marja ticarəti investorlara brokerdən xüsusi şərtlərlə alınan müvəqqəti ticarət limiti hesabına qiymətli kağızları və maliyyə alətlərini almaq və satmaq imkanını verir. Qaydaya əsasən investisiya şirkəti marja ticarətini yalnız özünə məxsus olan və ya Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq lisenziyaya malik kredit təşkilatlarından aldığı vəsaitlər hesabına (baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişikliklərlə marja ticarəti xidməti əlavə olaraq Fond Birjasından alınan vəsaitlər hesabına) həyata keçirir. İnvestisiya şirkəti tərəfindən bir müştəriyə marja ticarəti üçün təqdim olunan vəsait həmin investisiya şirkətinin bütün müştərilərinə təqdim etdiyi vəsaitlərin ümumi həcminin 10 faizindən çox ola bilməz. İnvestisiya şirkəti müştəriyə marja ticarəti xidmətini müqavilə əsasında göstərir. İlkin marja baza aktivinin cari bazar dəyərinin minimum 40 faizi həcmində olmalıdır. Marja ticarəti ilə əldə edilmiş baza aktivi üzrə təminat marjası son ticarət günü üçün yekun bazar qiymətin minimum 20 faizi həcmində olmalı və yalnız pul vəsaiti ilə ödənilməlidir. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişiklikləri ilə marja ticarəti fond birjasının təqdim etdiyi ticarət platforması vasitəsilə həyata keçirildikdə marja həddləri fond birjası tərəfindən müəyyən edilir. Təminat marjasının minimum həddi marja müqaviləsində göstərilən həddən aşağı düşdükdə, investisiya şirkəti dərhal marja çağırışını etməlidir. Marja çağırışı edilən müştəriyə investisiya şirkəti tərəfindən baza aktivlərinin bazar qiymətlərində yüksəlməyə görə əlavə marja və ya vəsait verilə bilməz.

Marja ticarəti zamanı investisiya şirkətinin investora verdiyi vəsaitlər hesabına alınan aktivlər həmin borcun təminatı kimi girov predmeti, investisiya şirkəti girovsaxlayan, investor isə girovqoyan hesab edilir. İnvestisiya şirkəti tərəfindən baza aktivlərinin girovu müştəri investisiya şirkətinin marja çağırışına 1 iş günü ərzində əməl etmədikdə, müştəri marja ticarəti məqsədilə borc alınmış məbləği ödədikdə, marja ticarəti ilə əldə edilmiş baza aktivi üzrə təminat marjası son ticarət günü üçün yekun bazar qiymətin minimum 20 faizi həcmində olmaqla və yalnız pul vəsaiti ilə ödənilməklə tərəflərin müqavilədə razılaşdırdığı həddə çatdıqda ləğv edilir.

Açar sözlər:

Oxunub: 893