Rus iş adamlarının Qarabağa səfəri hazırlanır


17:42     28 Oktyabr 2021 2021/10/47AF9D37-C93E-496F-A083-84328AE0E450_1635431670.png

“Füzulidə Beynəlxalq Hava Limanının açılışı bütün anlamlarda mühüm hadisədir. Bu, Qarabağda tam istifadəyə verilmiş və ən zəruri beynəlxalq standartlara cavab verən ilk nəhəng miqyaslı nəqliyyat-infrastruktur layihəsidir”.

Bu sözləri Femida.az -a açıqlamasında hərbi ekspert, “Nasionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko Füzuli Beynəlxalq Hava Limanının açılışını şərh edərkən söyləyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri Türkiyənin azad olunmuş ərazilərin bərpasında Azərbaycana fəal surətdə kömək edəcəyini göstərir.

“Təxminən 30 il ərzində orada nəhəng mina sahələrindən başqa heç nə olmayıb. Ona görə də düşünürəm ki, bu səfər müəyyən mənada simvolik jestdir və rəmzi məna daşıyır. O mənada ki, Türkiyə Qarabağ bölgəsinə investisiya qoyacaq, yeni şəhərlərin salınmasına, müəssisələrin, digər obtektlərin qurulmasına, yolların çəkilməsinə kömək edəcək. Doğrudan da, Füzuli aeroportunun inşa tempi adamı heyran edir. Tamamilə dağıdılmış ərazidə bir ildən də az vaxt ərzində möhtəşəm nəqliyyat və memarlıq incisi yaradıldı. Yeni Hava Limanı mülki aviasiya üzrə beynəlxalq normalara tamamilə uyğundur və belə bir qısa müddətdə çox keyfiyyətli şəkildə tikilib istismara verilməsi müasir şəraitdə misilsiz hadisədir”, - Korotçenko qeyd edib.

O əlavə edib ki, azad olunmuş ərazilərin bərpasında Rusiya da kömək etmək niyyətindədir.

“Rusiya iş adamlarının geniş nümayəndə heyətinin bölgəyə səfəri hazırlanır, təbii ki, onlar da yeni yaradılacaq nəqliyyat-logistik infrastrukturuna investisiya qoyacaqlar. Azərbaycan çox qısa müddət ərzində hər şeyi bərpa etmək, təxminən 30 il işğalçıların tapdağı olan, həyat əlaməti olmayan torpaqlara yeni nəfəs, can vermək istəyir”, - o, fikrini yekunlaşdırıb.

Femida.az

Açar sözlər: #Korotçenko   #Füzuli-aeroportu    

Oxunub: 430