Bağdaddan gətirilən azərbaycanlı İŞİD uşaqları: onlar harada saxlanılır?


09:10     29 Oktyabr 2021 21_10_28_1635448995.jpg

Xəbər verildiyi kimi bu gün - oktyabrın 28-də İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumatda deyilirdi.

XİN bildirmişdi ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 Azərbaycan vətəndaşının İraqdan repatriasiyası həyata keçirilib. Həmin uşaqlar İŞİD-ə və digər radikal terrorçu qruplara qoşulmaq üçün vaxtilə İraq və Suriyaya getmiş Azərbaycan vətəndaşlarının ailələrində dünyaya gəlib. Bu uşaqların bir çoxu öz valideyinləri ilə birlikdə “xilafətdə” yaşamaq üçün aparılıblar, bir çoxu isə Azərbaycan vətəndaşlarının həmin ölkələrdə qurduqları dini evliliklərdən dünyaya gəliblər. İraq ordusu ölkənin bir hissəsini İŞİD-dən azad etdikdən sonra azərbaycanlılar da daxil olmaqla xarici ölkə vətəndaşları olan qadın və uşaqları Mosulda xüsusi düşərgələrdə yerləşdirmişdi.



Beynəlxalq media İŞİD-in azərbaycanlı gəlinləri və uşaqları barədə dəfələrlə yazıb, belələri isə həm də Suriya ərazisindəki düşərgələrdə saxlanılır. Məsələn, 2019-cu ildə “Amerikanın səsi” Suriyanın İŞİD-dən azad edilən ərazilərindən təxliyyə edilən qadın və uşaqların saxlanıldığı Əl-Hol düşərgəsindəki qeyri-insani şəraitdən bəhs edən reportaj hazırlamışdı. Həmin düşərgədə saxlanılanlardan biri-adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini deyib. O, həyat yoldaşının Kobanidə öldürülməsindən sonra bu düşərgəyə sığınıb. Anasının xristian, atasının şiə olduğunu deyən digər bir azərbaycanlı qadın isə anasının onu qəbul etmək istəmədiyini deyirdi. Həmin düşərgədə reportaj hazırlayan jurnalist iki həftə əvvəl 14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürüldüyünü bildirirdi. Qızın günahı isə başını örtmək istəməməsi olub.

Habelə İraq məhkəməsi terror əməlləri törətdiyi üçün azı 2 azərbaycanlı qadının barəsində edam hökmü də çıxarmışdı. İŞİD-in azərbaycanlı gəlinlərinin əksəriyyəti Azərbaycana qayıtmaq istəmirlər və belə görünür ki, repatriasiya əsasən valideyinlərini Suriyada, İraqda itirmiş uşaqları əhatə edir.

Bəs Azərbaycana gətirilən İŞİD-çi uşaqları harada yerləşdirilir? İŞİD ideologiyasını mənimsəmiş və “şəriət qaydaları” ilə yaşamağı arzu edən valideyinlərin tərbiyəsini almış bu uşaqların reabilitasiyası, dünyəvi təhsilə cəlb edilməsi üçün hansı işlər həyata keçirilir?

Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu virtualaz.org-a bildirib ki, uşaqların Azərbaycana gətirilməsi prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdada ezam edilib.



Nəticədə Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə 38 uşaq ölkəmizə gətirilib. Dövlət Komitəsi və digər aidiyyəti qurumların birgə iştirakı ilə uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq uşaqların və onların ailələrinin vəziyyətinin qiymətləndirilməsi və monitorinqi həyata keçirilir, eləcə də psixoloji dəstəyin göstərilməsi, müvafiq sənədlərin hazırlanması istiqamətində iş aparılır.

Əldə etdiyimiz məlumata görə Azərbaycana gətirilən uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdindəki müəssisələrə yerləşdirilib. virtualaz.org-a məlum olub ki, həmin uşaqlar 3-18 yaşlıları arasındadır. Hazırda onlarla psixoloji iş aparılır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov isə məsələ ilə bağlı hələlik ətraflı danışmayıb, bildirib ki, tezliklə Azərbaycana gətirilən həmin uşaqlarla bağlı ətraflı məlumat veriləcək. Onların vəziyyəti və digər məlumatlar açıqlamada əksini tapacaq, ona görə də həmin rəsmi açıqlamanı gözləmək lazımdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə virtualaz.org-a deyib ki, həmin uşaqlar ilkin tibbi və psixoloji müayinədən keçiriliblər. Onlar aidiyyatı dövlət müəssisələrinə yönləndiriliblər.

“Hazırda işlər davam etdirilir, məlumatlar toplanılır. Buna görə də İraqda nə qədər Azərbaycan vətəndaşının qaldığına dair rəqəmlər təqdim edə bilmirik. Vətəndaşlarımızın geri qaytarılması uzunmüddətli və mərhələli işlərin nəticəsidir”,-Abdullayeva qeyd edib.

Açar sözlər:

Oxunub: 2714


Oxşar xəbərlər