Ağdamda ermənilərin raket atdığı ev yenidən bərpa edilib


16:39     04 Noyabr 2021 21_11_04_1636026491.jpg

Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan çəkmiş 11 şəhər və rayondan biri də Ağdam rayonudur.

Femida.az xəbər verir ki, I Qarabağ müharibəsində Ağdamın mərkəzi də daxil olmaqla xeyli hissəsi ermənilər tərəfindən işğal olunaraq xarabalığa çevrilib. Qalan kəndləri isə Vətən müharibəsində erməni terrorçularının ağır artileriya və raket hücumlarına məruz qaldı.

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində dağılan evlərdən biri də rayonun Üçoğlan kənd sakini Niyaməddin Allahverdiyevə məxsus fərdi yaşayış evidir.

N.Allahverdiyiv bildirib ki, İki mərtəbəli evin üzərinə düşən raket zərbəsi evi tamamilə yararsız hala salmışdı: "Ermənilərin mülki vətəndaşlara qarşı həyata keçirdiyi terror nəticəsində mənim evimə raket düşdü. Hadisə zamanı xəsarət alan olmasa da, iki mərtəbəli ev tamamilə dağılaraq yararsız hala düşdü".

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. İstifadəyə verilən evlərdən biri də N.Allahverdiyevə məxsus fərdi yaşayış evidir.

O, evinin yenidən bərpa edilərək istifadəsinə verildiyi üçün əməyi olanlara təşəkkür edib: "İlk olaraq, Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəmizin adından təşəkkür edirəm, sağ olsunlar. Allah onlardan razı olsun, şükürlər olsun bu gün tam şəraitli ev tikib, mənə verdilər".

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.

Açar sözlər:

Oxunub: 956