Qadın onu başqa kişilərlə görüşə məcbur edən, körpəsini öldürən şəxsi bağışladı - TƏFƏRRÜAT


15:15     06 Noyabr 2021 1414572607_mehkeme-cenubnews.jpg

Bakıda 6 aylıq körpəsini öldürməkdə ittiham edilən şəxsin cinayət işi üzrə təfərrüatlar məlum olub. Körpənin qətlində ittiham olunan şəxs iki fərqli ifadə verib. Uşağın anası isə deyir ki, ər-arvad münasibətində olduğu şəxs onu ayrı-ayrı kişilərlə münasibətdə olmağa məcbur edirmiş.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Əliyev Vüsal Həsən oğlu 18 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qətlin təfərrüatı...

Hadisə bu il mayın 30-da baş verib. 6 aylıq Ruzi yaşadığı evdə ölüb. Binəqədi Rayon Prokurorluğu tərəfindən körpənin öldürlüdüyü müəyyən edilib. Qətli törədən Vüsal Əliyev saxlanılıb.

Vüsal istintaqdakı ifadəsində deyib ki, avtovağzal ərazisində xaçapuri sataraq pul qazanırmış. Həmin ərazidə işləyən, limon satan Səma (ad şərtidir) ilə tanış olub. Onlar 7 ilə yaxın birlikdə yaşayıblar, amma rəsmi nikahları olmayıb.

Onun sözlərinə görə, Səma həm limon satır, həm də başqa şəxslərlə görüşürmüş. İfadəsində gah Səmanı qısqandığını, gah da Səmanın bu yolla qazandığı pulla evin kirayəsini ödədiyini deyən Vüsal dolanışıqlarını bu yoll təmin etdiyini söyləyib.

Vüsal istintaqda deyib ki, hadisədən bir neçə ay əvvəl Səmadan küsərək rayona gedib.

Rayona getdikdən sonra Səmanın ona zəng etdiyini, barışmaq istədiyini deyən Vüsal Bakıya qayıdıb. Səma ona hamilə olduğunu desə də, Vüsal buna inanmayıb və deyib ki, uşaq ondan ola bilməz. Səbəb olaraq isə söyləyib ki, uzun müddətdir görüşmürlərmiş...

Özünü qısqanc kimi göstərməyə çalışan Vüsal sonra necə olubsa, uşağı qəbul edib və onlar yenə də bir yerdə yaşamağa başlayıblar.

Səma isə yenə də ayrı-ayrı şəxslərlə görüşür, evə gətirdiyi pulla həm kirayə haqqını ödəyir, həm də uşağına baxırmış. Vüsal isə ifadəsində deyir ki, Səmaya başqa şəxslərlə görüşmədiyini deyirmiş. Bu cür mübahisələr isə daha çox Vüsal içki içəndə yada düşürmüş...

Onu da qeyd edək ki, uşaq anadangəlmə xəstə olduğu üçün ona daha çox Vüsalın anası baxırmış.

Hadisə günü...

Vüsal istintaqdakı ifadəsinin davamında göstərib ki, həmin gün Səma bəzənərək evdən çıxıb. Ona dayısıgilə gedəcəyini deyib. Amma Vüsal buna inanmadıqda, israr etdikdə, mübahisə yaranıb və Səma başqa şəxslə görüşə getdiyini etiraf edib.

Amma nədənsə Vüsal buna qarşı çıxmayıb və evdə qalaraq uşağa baxıb. Hətta özünə pivə və cipsi də alıb. Bir litr pivəni tək içməyə başalyan Vüsal uşağın ağlamasından əsəbləşib və uşağın başqa şəxsdən olduğunu düşündüyü üçün onu əli ilə boğub.

Vüsalın məhkəmədəki ifadəsi isə fərqli olub. O bildirib ki, uşağı öldürmək niyyəti olmayıb. Guya uşaq ağlayan zaman onu qolunun arasına qoyaraq yelləyib. Bu zaman bilmədən uşağın boynunu möhkəm sıxıb. Uşağın səsinin kəsildiyini eşitdikdə onun yatdığını düşünüb.

İstintaq isə müəyyən edib ki, körpə sifət nahiyyəsindən iki dəfə əl ilə burun və ağzı tutularaq boğulub.

Məhkəmədə Səma da ifadə verib. Səma isə ayrı-ayrı şəxslərlə görüşməsinə səbəb kimi Vüsalın onu məcbur etməsini göstərib. Qadın deyib ki, bu yola Vüsalın təzyiiqlərinə görə düşüb.

Səmanın sözlərinə görə, evə gələn zaman oğlu Ruzinun üzündə papaq olduğunu görüb. Və dərhal Vüsaldan şübhələnərək qışqırmağa başlayıb. Səma uşağa süni nəfəs verib. Bu zaman Ruzinin hələ az da olsa nəfəs aldığı məlum olub. Hadisə yerinə təcili yardım çağırılıb. Amma təcili yardım gələndə artıq gec olub...

Vüsalın “uşaq məndən deyildi” sözlərinə də cavab verən Səma bunun yalan olduğunu bildirib və əlavə edib ki, bununla bağlı ekspertiza da keçirilib.

Səmanın ayrı-ayrı şəxslərlə görüşməsinə etiraz etməyən Vüsal ona etiraz edirmiş ki, ər-arvad münasibətində olduğu şəxs ona xüsusi diqqət ayırmır. Vüsal məhkəmədəki ifadəsində bildirib ki, Səmadan belə görüşlərə az-az getməsini, ona da diqqət ayrımasını, vaxtı-vaxtında yeməyini verməsini istəyibmiş...

İşin ən ilginc tərəfi isə budur ki, Səma uşağını qətlə yetirən Vüsalı bağışlayıb, ondan şikayət və tələbinin olmadığını deyib...

Səmanın şikayətçi olmaması heç nəyi dəyişməyib. Köməksiz vəziyyətdə olan körpəni qətlə yetirən Vüsal 18 il həbs cəzası alıb. Keçirilən ekspertizalarla hadisəni törədən zaman Vüsalın anlaqlı olduğu da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 755