Dünya çempionatı: Azərbaycanın daha 5 karateçisi medalsız qalıb


18:49     17 Noyabr 2021 21_11_17_1637160072.jpg

Azərbaycanın daha 5 karateçisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Femida.az -ın məlumatına görə, ikinci yarış günündə tatamiyə çıxan idmançıların hamısı uduzaraq yarışla vidalaşıb.

Kişilərdən 60 kq-da yer alan Əminağa Quliyev ilk iki mərhələdə Bəndər Abdulla (Bəhreyn) və Murad Xana (Pakistan) qalib gəlsə də, növbəti raundda Kərim Abu Etta (Misir) ilə bacarmayıb. 67 kq-dakı Tural Ağalarzadə ardıcıl olaraq, Vorakan Soda (Tailand) və Nenad Duloviçi (Monteneqro) üstələyib. Lakin III mərhələdə misirli Əli Elsaviyə uduzan karateçi mübarizəni dayandırıb.

Qadınların yarışında 50 kq-da Nuranə Əliyeva ilk görüşündə Lusia Kovaçikovanı (Slovakiya) məğlub etsə də, növbəti döyüşdə Bettina Plankaya (Avstriya) uduzub. 55 kq-da çıxış edən İlahə Qasımova startda Maya Şarerlə (İsveçrə), 60 kq-da mübarizə aparan Ayla Rzazadə isə Fatimə-Zəhra Çajayla (Mərakeş) bacarmayıb.

Qeyd edək ki, ilk yarış günündə qüvvəsini sınayan Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) finala, Asiman Qurbanlı (+84 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Fəridə Əliyeva (+68 kq) isə mundialla vidalaşıb.

Açar sözlər:

Oxunub: 421