Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu başlayıb


12:18     18 Noyabr 2021 2021/11/FAB71A8A-DF80-49BF-9DA6-2F1B585B8A1D_4911684723.png

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu başlayıb.

Femida.az xəbər verir ki, forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.

Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilir.

Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir.

Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirilərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.

İki hissədən ibarət olacaq Forumun birinci rəsmi hissənin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək, davamında Prezidenti İlham Əliyevin Ümumrespublika Uşaq Forumlarının iştirakçılarına təbrik məktubu oxunacaq.

Daha sonra 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr təşkil olunacaq.
İkinci hissədə qrup işləri üzrə təqdimatlar nümayiş olunacaq, qəbul edilmiş sənədlər, Forum iştirakçılarının Prezidentə müraciəti, beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və Əlaqələndirmə Şurasının tərkibi səsləndiriləcək.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə, IV Forumu 2017-ci ildə keçirilib.


Femida.az

Açar sözlər: #Forum   #Uşaq    

Oxunub: 436