Ermənistanın Baş qərargah rəisi həbs ediləcək - KİV


11:29     19 Noyabr 2021 2021/11/24B362FF-B979-4B06-84B5-B4A3F770A988_1637313314.png

Ermənistanın yeni müdafiə naziri Suren Papikyan hazırda kadr axtarışındadır. Artıq Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyanın işdən çıxarılması ilə bağlı siyasi qərar qəbul edilib.

Femida.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri yazıb.

Məlumata görə, Papikyan Artak Davtyanın yerinə uyğun namizəd tapmadığı üçün hələlik bununla bağlı tədbir görməyə tələsmir. İndi məsələ mümkün namizədlərin nəzərdən keçirilməsi mərhələsindədir.

Qəzet Davtyanın işdən çıxarılması ilə bağlı verilən qərarın iki səbəbini açıqlayıb. Birincisi, Silahlı Qüvvələrin döyüş qabiliyyəti və təşkilatçılıq səviyyəsi qeyri-qənaətbəxş qiymətləndirilir ki, buna görə də birbaşa Baş qərargah rəisi cavabdehdir. İkincisi, Davtyanın adı keçmiş müdafiə naziri David Tonoyan və "silah baronu" David Qalstyanın korrupsiya işində şahid qismində keçir. Lakin tezliklə Davtyanın bu işdəki statusu dəyişəcək və ona ittiham irəli sürüləcək. Silahlı Qüvvələrin Baş qərargahının hazırkı rəisinin həbsi gözlənilir.

Xatırladaq ki, hələ oktyabrın 1-də onun Tonoyanın və Qalstyanın cinayət işi çərçivəsində ittiham oluna biləcəyi barədə məlumat yayılmışdı. Keçmiş müdafiə naziri sentyabrın 30-da istifadəyə yararsız silahların alınması ilə bağlı açılan cinayət işi çərçivəsində həbs edilib. İstintaq Tonoyanı və Qalstyanı 4,6 milyon dollar mənimsəməkdə ittiham edir. Onlar öz günahlarını etiraf etmirlər.



Femida.az

Açar sözlər: #Ermənistan    

Oxunub: 3702