Azərbaycan Qılıncoynatma Federasiyasına yeni prezident seçilib


18:29     20 Noyabr 2021 21_11_20_1637416398.jpg

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.

Femida.az -ın məlumatına görə, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbir iştirakçılarını salamlayan Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Qılıncoynatma Federasiyasının üzvlərinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. Mikayıl Cabbarov Azərbaycan qılıncoynatma ailəsinin üzvü kimi böyük fəxr hissi ilə bildirib ki, son 4 il ərzində dövlət başçısının dəstəyi ilə bu sahədə irəliləyişə nail olunub. O, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rolunu xüsusilə vurğulayıb. Milli komandamızın üzvü Anna Baştanın 23 yaşadək sablyaçılar arasında Avropa çempionluğu, idmançımızın TOKİO-2020 Yay Olimpiya Oyunlarında iştirakı, sablyaçımız Zərifə Hüseynova, şpaqaçımız Ruslan Həsənovun yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanması, bu idman növünün kütləviliyi istiqamətində atılan addımlar, yeni qılıncoynatma zallarının istifadəyə verilməsi və əldə olunan nailiyyətləri son 4 ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. Mikayıl Cabbarov çıxışının sonunda növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilbi.

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.

Açar sözlər:

Oxunub: 222