Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb


16:47     22 Noyabr 2021 21_11_22_1637580898.jpg

"Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb".

Femida.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, əldə olunan razılığa əsasən, pomidor istehsalı təsərrüfatlarında ixrac icazəsinin alınması məqsədilə Rusiyanın apardığı videomonitorinqlər dayandırılır: "Bu ilin dekabr ayının 1-dən etibarən pomidor istehsalı müəssisələrinə “Rosselxoznadzor”un ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək. Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq".

Sədr söyləyib ki, dekabrın 1-dən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla AQTA mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək: "Bu, sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq. Aparılan danışıqlar nəticəsində dəmir yolu vasitəsilə pomidor və alma məhsullarının daşınmasının gələn ilin aprel ayının 1-dək uzadılmasına baxmayaraq, AQTA tərəfindən həyata keçirilən fitosanitar tədbirləri nəzərə alınaraq, həmin müddət Azərbaycan tərəfindən təqdim edilən zamanadək artırılacaq. Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək".

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə dekabrın 1-nə qədər qurumların sədr müavinləri səviyyəsində Dağıstan Respublikasının “Yaraq-Kazmalar” keçid məntəqəsində görüşlər keçiriləcək.

Açar sözlər:

Oxunub: 216