Bakıda atasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib


20:15     22 Noyabr 2021 21_11_22_1637590564.jpg

Bakıda atasını öldürməkdə təqsirləndirilən İlqar Kərimovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Femida.az -ın xəbərinə görə, iş baxılaması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il martın 22-də Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlunun təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub. Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.

Aparılan araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İ.Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı R.Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İ.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 237