Əfqanıstanda "Taliban" hökuməti dövründə 260-a yaxın media orqanı bağlanıb


09:29     24 Noyabr 2021 2021/11/52850CC4-C71E-4E1D-9CEE-D07E126888F1_1637733791.jpeg

Əfqanıstanda "Taliban" hakimiyyətə gəldikdən sonra 257 media orqanı müxtəlif səbəblərdən bağlanıb.

Femida.az xəbər verir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb.

Əsas problemlərdən biri media şirkətlərinin əsasən reklamdan əldə etdiyi gəlirlərin azalmasıdır. Jurnalistlərin və media işçilərinin təxminən 70%-i işini itirib. Ölkədəki ağır iqtisadi vəziyyət fonunda ixtisarlar davam edir.

"Taliban"ın tətbiq etdiyi qaydalar da bir çox media qurumlarının fəaliyyətinə mənfi təsir edib. Hərəkat söz və fikir azadlığı prinsiplərinə hörmət etdiyini bəyan etsə də, bəzi qəzetlər və telekanallar üçün yeni redaksiya siyasəti qəbuledilməz olub.

Son aylarda hücumlar, partlayışlar və digər hadisələr nəticəsində bir neçə jurnalist həlak olub ki, bu da ümumilikdə prosesə mənfi təsir göstərir.

Media şirkətləri və onların sponsorları əlavə məhdudiyyətlərin olması ehtimalından narahatdırlar. Noyabrın 21-də "Taliban" ölkədə media qurumları üçün yeni qaydalar qoyub, qadın teleaparıcılardan hicab taxmağı tələb edib. Hərəkat həmçinin aktrisaların çəkildiyi dramatik filmlərin və verilişlərin nümayişindən çəkinməyin vacibliyinə də işarə edir. Radikallar xaricdə çəkilmiş filmlərin nümayişinə qarşıdırlar.


Femida.az

Açar sözlər: #Taliban    

Oxunub: 203